Qarşılıqlı böyümənin və güclənmənin təminatı- ÖZƏL
10:33 Siyasətİsrail-İran müharibəsi dövrünə düşən və bu müharibənin kölgəsində qalsa da ölkəmiz üçün ən əhəmiyyətli hesab edilən və diqqət mərkəzində olan hadisələrdən biri də iyunun 18-21-də Bakı Ekspo Mərkəzində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı ilə 6-cı dəfə "Yerli şirkətlərin tanıtım sərgisi"nin keçirilməsi oldu. Dörd gün ərzində keçirilən bu sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirdi. Sərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətləri və yerli məhsullarını geniş kütləyə tanıtmaq, onların yeni bazarlara çıxışını təşviq etmək, şirkətlər arasında qarşılıqlı əməkdaşlığı genişləndirməkdir. Bu sərgini əhəmiyyətli və vacib edən əsas amillər hansılardır? İqtisadçı Ekspert Elman Sadıqov "Olaylar"a bildirib ki, sərgidə istisnasız olaraq yerli şirkətlər iştirak edirdi: "Hər gün bu sərgidə əksər stendlərlə tanış olub, fikir mübadiləsi aparan və biznes mühiti ilə yaxından tanış olan bir iqtisadçı kimi diqqətimi çəkən məqam o oldu ki, sərgidə iştirak edən şirkətlərin əksəriyyəti öz işlərinin sahibi və bilicisi olan, dişi ilə, dırnağı ilə sıfırdan öz bizneslərini quran sahibkarlara bağlı şirkətlər idi! Məhz bu şirkətlərin daha çox qayğıya, diqqətə ehtiyacları var!
- Hər il sərgidə iştirak edən yerli şirkətlərin sayları artır və bu il sərginin tarixində rekord sayda 300-ə yaxın şirkətin iştirak etməsi təqdirəlayiq idi!
- İştirakçı şirkətlər arasında istehsal və emalla məşğul olan, xidmətlər göstərən şirkətlər istehsal və emalla məşğul olduqlarını, xidmətlər göstərdiklərini (idxalın hökmran olduğu neft dövrünün yavaş-yavaş arxada qaldığını hər kəs anlayır) xüsusi vurğu və fəxrlə ifadə edirdilər. Bu da ölkədə çətin və məşəqqətli olduğu qədər iqtisadi faydası da yüksək olan istehsal və emal, yerli xidmətlərin artımı kültürünün ön plana çıxmasını göstərir ki, bu da təqdirəlayiqdir!
- Vətəndaşların sərgiyə göstərdikləri maraq, iştirak səviyyəsi (30,000 nəfərdən çox) yaxşı mənada təəccübləndirdi. Bu isə növbəti sərgidə daha çox şirkətin iştirakının xəbərçisi və ilbəil artan marağın göstəricisidir!
- Sərgidə dövlət qurumlarının, yüksək vəzifəli şəxslərin yaxından iştirakı (İqtisadiyyat Nazirinin müavini, ilk dəfə 2 nazirin iştirakı) həm təşkilatçıların, həm də yerli sahibkarların motivasiyalarının artmasına səbəb oldu!
- Sərginin 4-cü günü Cənab Prezidentin köməkçisi hörmətli Şahmar Mövsümovun bilavasitə iştirakı, stendlərlə yaxından maraqlanması, təşkilatçı və sahibkarlarla səmimi dialoqları, onların fikirlərini dinləməsi növbəti il keçiriləcək 7-ci sərgiyə sahibkarların da daha həvəslə hazırlaşmaları, öz məhsul və xidmətlərini genişləndirmələri üçün ciddi motivasiya oldu!
- Ən təqdirəlayiq məsələlərdən biri peşəkar təşkilatçılıq idi. Sərgi xarici deyil, yerli şirkətlərimiz tərəfindən təşkil olunmuşdu. KOBİA və Marsol Group ölkəmizin iqtisadiyyatı, kiçik və orta biznesin inkişafına bundan sonra da töhfə verəcək bu sərgini sözün həqiqi mənasında yüksək səviyyədə təşkil etmişdilər! Bu həm də sahibkarların ən uğurlu və geniş netvorkinqi olan Marsol Groupun ölkə iqtisadiyyatı qarşısında böyük xidmətlərindən biri idi!
- Sərginin təşkilində ən incə nüanslara diqqət yetirilmiş, sərgi sadəcə tədbir xatirinə, stend sayları, göstəriş xatirinə təşkil olunmamışdı. Təkcə bir faktı qeyd etmək yerinə düşər. Çoxsaylı müraciətlərə baxmayaraq "bu sərgi yalnız yerli sahibkarların, xüsusilə kiçik və orta biznes nümayəndələrinin, yerli istehsalçı və xidmət göstərən şirkətlərin sərgisidir" fikri ifadə olunaraq sərgiyə iştirak üçün müraciət edən bir sıra xarici şirkətlərin sərgidə iştirak etmək istəyi təşkilatçılar tərəfindən qəbul edilməmişdir!
- Sərgidə B2B, B2G (yəni bizneslə biznesin, dövlət orqanları ilə biznesin) görüşləri, müzakirələri üçün ayrıca guşələr və şəraitlər təşkil olunmuşdur!
4 gün ərzində əksər stendlərlə yaxından maraqlanan, həmin iş adamları iləl fikir mübadiləsi (bəzən bu fikir mübadiləsi 40-60 dəqiqə çəkirdi) aparan, xüsusilə istehsal, emal və xidmət sahələrindəki vəziyyətin nəbzini praktik olaraq öz sorğuları ilə ölçməyə çalışan bir iqtisadçı kimi növbəti 7-ci sərgidən gözləntilərim:
- Növbəti ildə də sərgiyə dövlət orqanlarının marağı ən yüksək səviyyələrdə daha da artacaq və dövlət nümayəndələrinin, millət vəkillərinin daha aktiv iştirakları gözlənilir. Müxtəlif sahələrdə olan yerli sahibkarların qayğılarını, fikir və ideyalarını qısa müddət ərzində dinləmək məmurlarımız üçün gözəl imkandır!
- Vətəndaşların marağı və iştirak sayları daha da artacaq!
- Sərgidə iştirak edəcək şirkət sayının artaraq 350-400 arasında olacağını düşünürəm!
- Azərbaycanlı iş adamlarının istehsal etdiyi məhsul və xidmətlərlə maraqlanan xarici (xüsusilə dost və müttəfiq ölkələr, potensial ixrac bazarları olan) ölkələrdən iş adamlarının, həmin ölkələrin assosiasiyaları, dövlət qurumlarından nümayəndələrin dəvət olunması və bunun üçün müvafiq orqanlarımız tərəfindən müəyyən sayda qonaqların səfərlərinin maliyyələşdirilməsində yardım göstərilməsi daha çox iş adamlarımızın daha çox ölkələrin sərhədlərini aşmalarına, ixrac bazarlarının genişlənməsinə töhfə vermiş olar!
- Növbəti sərgidə əksər iş adamlarımızın şirkətin tarixini əks etdirən məlumatları, şirkətin istehsal proseslərini əks etdirən kiçik videorolikləri (ən azı azərbaycan, ingilis və rus dillərində) nümayiş etdirəcəyini, bununla da həm özlərini daha rahat tanıdacağı, həm də sərginin maraq və cəlbediciliyini artıracağını düşünürəm!
- Yuxarıda qeyd etdiyim təqdimat məsələlərində daha aktiv olmaq barədə müzakirələrimiz zamanı sahibkarlarımız sərgiyə bu qədər marağın, aktivliyin, ziyarətçi sayının çox olacağını təsəvvür etmədiklərini bildirir, növbəti sərgidə konkret görülən işlər, şirkətin tarixi və istehsal, emal proseslərini əks etdirən videorolik, plakatların daha cəlbedici olması üçün onlarda konkret stimul yarandığını ifadə edirdilər!
Bundan öncəki birinci yazımda dünya siyasətində, iqtisadiyyatlarda baş verən təlatümlər, enerji qiymətləri, Yeni Düzənin formalaşması, iqtisadiyyata yeni baxış bucaqlarının formalaşmasının vacibliyini vurğulamışdım. Güclü iqtisadiyyat olmadan güclü dövlətçilik, güclü ordu, vətəndaş rifahı, keyfiyyətli təhsil və səhiyyə olmaz! Güclü iqtisadiyyat isə güclü və böyük büdcədən asılıdır! Büdcə daxilolmalarında, məşğulluğun təminində, əhalinin rifahının artmasında isə əsas rolu sahibkarlar oynayır!
Nəhayət sonda! 1907-2012-ci illərdə baş vermiş və qlobal iqtisadiyyata təsir göstərmiş 41 qlobal böhranı, 10 Cənub Şərqi Asiya, 10 Latın Amerikası, 10 Avropa ölkəsi, 5 Afrika ölkəsinin iqtisadi inkişaf tarixlərini, iqtisadiyyatlarını araşdırmış bir iqtisadçı kimi gəldiyim bir sıra yekun nəticələr var. Bunlardan bir də budur ki, inkişaf etmiş bütün dövlətlərdə sahibkarların öz bizneslərini inkişaf etdirməsi, böyümələri və ayaqda qalmaları, brendləşmələri, ixrac edərək dünya bazarlarında özlərinə yer tutmaları məhz dövlət-sahibkar münasibətləri və qarşılıqlı əlaqələri sayəsində mümkün olmuşdur! Müxtəlif şəraitlərdən, sektorlardan, iqtisadi konyukturalardan asılı olaraq bu əlaqələr mürəkkəb və rəngarəngdir! Amma həmin reseptləri, siyasətləri, addımları birləşdirən bir əsas cəhət var: Qarşılıqlı böyümənin və güclənmənin təmin olunması!"