Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən birinə çevrilib- ÖZƏL

"Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan Ordusu regionun ən güclü, müasir texnologiyalarla təchiz olunmuş və peşəkar kadrlarla təmin olunmuş silahlı qüvvələrindən birinə çevrilib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə məhz bu gücün, uzaqgörən siyasətin və xalq-ordu birliyinin parlaq təntənəsi idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: ""Dəmir yumruq" əməliyyatı ilə işğala son qoyulması, torpaqlarımızın azad edilməsi təkcə hərbi-siyasi zəfər deyil, həm də Azərbaycan xalqının tarixi ədalət naminə apardığı haqq mübarizəsinin nəticəsi oldu. Bu Qələbə ilə Azərbaycan Ordusu öz əsgər və zabitlərinin rəşadəti, texniki hazırlığı və mənəvi üstünlüyü ilə dünyada nümunə göstəriləcək gücə malik olduğunu təsdiqlədi.
Hazırda da ordu quruculuğu prosesi sürətlə davam edir. Prezident İlham Əliyevin "Güclü ordu - güclü dövlət" tezisi reallığa çevrilmişdir. Ordunun maddi-texniki bazası daha da gücləndirilir, müasir silah sistemləri alınır, hərbi təhsil sistemi təkmilləşdirilir, sosial təminat məsələləri prioritet olaraq daim diqqət mərkəzində saxlanılır. Postmünaqişə dövründə Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar fonunda orduya göstərilən diqqət və qayğı milli təhlükəsizlik strategiyasının əsas komponentlərindən biri olaraq aktuallığını saxlayır.
Milli ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31