Ordumuz xalqın əzmkar mübarizəsinin rəmzinə çevrilib- ÖZƏL
15:55 Siyasət"26 İyun - Silahlı Qüvvələr Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malik günlərdən biridir. Bu gün təkcə güclü bir ordunun yaradılmasını simvolizə etmir, həm də Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin əsas qarantına çevrilmiş hərbi qüvvələrimizin şanlı tarixinin təntənəsidir. Bu tarix, xalqımızın milli ruhunun, dövlətə bağlılığının və əzmkar mübarizəsinin rəmzinə çevrilmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: " Silahlı Qüvvələrin formalaşdırılması və bu günki səviyyəyə çatdırılması yolunda tarixi başlanğıc məhz Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə qoyulub. Həmin qərara əsasən, 1918-ci ilin 26 iyununda yaradılmış ilk milli ordunun varisi olaraq bu gün - 26 İyun rəsmi dövlət bayramı statusu aldı. Əslində isə Heydər Əliyevin ordu quruculuğu sahəsində fəaliyyəti daha erkən dövrlərə gedib çıxır. Onun 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəlməsindən sonra milli hərbi kadr hazırlığı istiqamətində fundamental addımlar atıldı. Məhz onun təşəbbüsü ilə yaradılmış Cəmşid Naxçıvanski adına hərbi məktəb gələcək müstəqil Azərbaycan ordusunun peşəkar zabit korpusunun əsasını formalaşdırdı.
1993-cü ildə xalqın təkidli istəyi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycan dövlətinin əsas dayaqlarından biri olan ordunun yenidən qurulmasını prioritet istiqamət kimi müəyyən etdi. Ordu daxilində intizamın bərpası, vahid komandanlığın yaradılması, strukturlaşma və döyüş hazırlığının artırılması sahəsində mühüm islahatlar həyata keçirildi. Ulu Öndər deyirdi: "Müstəqil dövlətin güclü ordusu olmalıdır. Əgər müstəqil Azərbaycan yaşamalıdırsa, onun ordusu da olmalıdır." Bu yanaşma strateji xəttə çevrildi".