Azərbaycan-Türkiyə münasibətləri heç vaxt indiki qədər güclü olmayıb- ÖZƏL
15:33 Siyasət"Kahramanmaraş şəhərində baş verən zəlzələdən sonra Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə də Türkiyəyə mühüm yardımlar göstərilib. Türkiyənin Azərbaycandakı səfirliyinin müraciətinə cavab olaraq Bakıda yardım kampaniyası baş tutub və əhali könüllü şəkildə dəstək verib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: " Bu gün Kahramanmaraşda Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır. Ortaq tarixə və milli-mənəvi dəyərlərə söykənən bu səmimi birlik çirkin niyyətli qüvvələrə verilmiş sarsıdıcı cavabdır. Azərbaycan Prezidenti və xalqımız bir daha sübut etdi ki, ən dəhşətli təbii fəlakətdən belə məkrli planlar quranların səyləri uğursuzluğa məhkumdur. Xarici və daxili bədxahlarımıza verilən bu cavab əsl ibrət dərsidir. Azərbaycan-Türkiyə münasibətləri heç vaxt indiki qədər güclü olmayıb. Bu səviyyəyə çatmağımızda lider faktorunun əhəmiyyəti böyükdür. Müstəqil və qətiyyətli siyasət, ortaq tarixə və milli-mənəvi dəyərlərə sədaqət Türk dünyasının bütövlüyünü və gücünü daha da artıracaq. Türk dövlətlərinin birliyi təkcə Avrasiya məkanında deyil, daha geniş coğrafiyada sülhə, təhlükəsizliyə və qarşılıqlı faydalı əməkdaşlığa mühüm töhfələr verəcək".