"Bundan sonra əsas diqqət rejimin daxildən çökdürülməsinə yönəldiləcək"-Elman Cəfərli- ÖZƏL
24 İyun 15:01 Siyasət"İranla İsrail arasında 12 günlük müharibə sona çatdı, müvəqqəti atəşkəs imzalandı. Hələki atəşkəsin uzun sürəcəyini söyləmək çətindir. Münaqişə də tam sona çatmayıb. Sadəcə, donduruldu. Tərəflər taym-aut götürdülər. Görünən odur ki, hər iki tərəf, hətta ABŞ müharibənin davam etməsində maraqlı deyildi". Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elman Cəfərli deyib. Onun sözlərinə görə, üstün tərəf kimi İsrail-ABŞ ittifaqı görünür:
"12 günlük savaşda İsrail çox şey itirdi. Şəhərləri, xüsusən mülki obyektləri İranın hücumuna məruz qaldı. İnsanlar öldü, əhali köçkün düşdü. Ölkənin iqtisadiyyatına, ekologiyasına ciddi ziyan dəydi. Lakin İsrail əsas məqsədinə də çatdı. ABŞ-la birlikdə İranın nüvə təsisatlarını darmadağın etdi. Müharibənin ilk günləri İran silahlı qüvvələrinin əsasını təşkil edən İnqilab Keşikçiləri Korpusunun komandiri daxil olmaqla, bir neçə general məhv edildi. İsrail aviasiyası Tehran səmasında nəzarəti ələ aldı. İran rəhbəri Seyidəli Xamneyi bunkerdə gizlənmək zorunda qaldı. Bütün bunlarla İran dövlətinin qüruru sındırıldı. Nöqtə atışları ilə əsasən hərbi hədəfləri nişan alan İsrailin hərbi uğurları göz önündədir. İran ərazisinin genişliyinə və əhalisinin sayına görə, İsraildən qat-qat böyükdür. Amma məlum oldu ki, müasir müharibələrdə ərazi və əhali faktoru heç də həlledici deyilmiş. İsraildən fərqli olaraq İran əsasən mülki əhalinin yaşadığı şəhərləri hədəfə aldı və heç nəyə də nail olmadı. Əksinə, İran bərbad havadan müdafiə sistemi ilə özünü rəzil etdi".
Elman Cəfərli deyib ki, özünü qalib kimi göstərsə də bu savaşdan məğlub çıxan tərəf İrandır: "Generallarını itirən İran silahlı qüvvələrinin şərəfi iki paralıq oldu. Asıb-kəsmələrinə baxmayın, savaşın dayanmasını ən çox istəyən İrandır. Tehran rejimi vaxt qazanmaq və toparlanmaq istəyəcək. Lakin unutduqları bir şey var: ABŞ-İsrail ittifaqının İrana hücum planının ilk mərhələsi uğurla başa çatdı və hədəfinə çatdı. Bundan sonra əsas diqqət rejimin daxildən çökdürülməsinə yönəldiləcək. Yəqin ki, rejim müxaliflərinin sıraları sıxlaşacaq və mövqeləri güclənəcək. Molla rejimi daxilində də böyük hesablaşma gözlənilir".
Siyasi şərhçinin sözlərinə görə, 12 günlük müharibədən Azərbaycan üçün də müsbət nəticələr var: "Əvvəla, biz eyni regionda yerləşirik, müharibənin nüvə sızıntısı və ya hər hansı ekoloji fəlakət olmadan başa çatması bizim xeyrimizədir. İkincisi, İran bizim üçün həyati əhəmiyyətə malik olan Zəngəzur dəhlizinin açılmasına mane olur. Bundan sonra rəsmi Tehranın Qafqaz siyasətində yumşalma gözləmək olar. Çünki İranın başı daha çox özünə qarışacaq. Lap açıq danışsaq, bizə "zəhər dişi" çıxarılmış İran lazım idi. 12 günlük müharibədə məhv edilmiş SEPAH generalları iki gündən bir Araz kənarında hərbi təlimlər keçirib, Azərbaycanı təhdid edirdilər. Doğrudur, SEPAH ləğv edilmədi, sadəcə generallarını itirdi. Amma bu müharibədən sonra İranın qonşulara münasibətində müsbət meyllərin yaranacağına inanım böyükdür".
İbrahim Məmmədli