“Su üzərində yazılan atəşkəs” – İran-İsrail razılaşması nə qədər davamlıdır?- ÖZƏL

İran və İsrail arasında 12 günlük qarşıdurmadan sonra atəşkəs qüvvəyə minib. ABŞ Prezidenti Tramp və İran XİN rəhbəri Araqçı bunu təsdiqləyib, tərəfləri atəşkəsə əməl etməyə çağırıblar.
 
 Mövzu ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib. Siyasi şərhçinin fikrincə, Yaxın Şərq barıt çəlləyi kimidir - gərginlik hələ də qalır:
 
"İsrail və İran tərəfinin açıqlamalarına, xüsusən də atəşkəslə bağlı açıqlamalarına etibar etmək mümkün olmur. Donald Trampın da açıqlamalarında bunu müşahidə edirik: bir fikir səsləndirir, amma tamamilə başqa bir addım atırlar.
Bu mənada tərəflərin heç biri qarşıya qoyduğu məqsədlərə tam olaraq nail ola bilməyib. Görünən budur ki, İsrail ümumilikdə müəyyən nəticələr əldə edə bilib. Yəni, çox nüfuzlu, vacib nüvə alimlərini öldürdü, İranın hərbi elitasını, ön sırada olan isimlərini məhv etdi və silah-sursat baxımından ziyan vurdu. Amma tam olaraq nəticə əldə olunmadı. İran da İsraillə bağlı qoyduğu məqsədlərə tam  nail ola bilməyib. Bu mənada düşünürəm ki, məsələ hələ  bitməyib və bu razılaşma insanda belə bir təəssürat yaradır ki, bu, su üzərində yazılmış  bir razılaşmadır. Bu qarşıdurma istənilən anda poza bilər. Çünki münasibətlər hələ də gərgin vəziyyətdə qalır.
Yaxın Şərq barıt çəlləyinə bənzəyir - gərgin bir regiondur və münasibətlər də gərgin müstəvidə qalır.
 Bu savaşda İsrail-Amerika müttəfiqləri İranla bağlı qarşıya qoyduqları məqsədlərə tam olaraq nail ola bilmədilər. Nə rejim dəyişikliyi baş verdi, nə də nüvə məsələsində İran geri addım atdı.  İranın da nüfuzunun müəyyən qədər zədələndiyini deyə bilərik. Ölkə öz paytaxtını, şəhərlərini, generallarını, alimlərini qorumaqda çətinlik çəkdi. Öz vətəndaşlarını, öz elitanı qoruya bilməyən zəif bir dövlət təsiri bağışlayan bir fikir yaratdı. Bu isə, təbii ki, xoş olmayan bir mənzərədir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31