İran-İsrail gərginliyi: səs yazısı yayıldı – 5-ci nəsil müharibə taktikası başladı

İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın İranİslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 20-yə yaxın yüksək rütbəli komandiri ilə birbaşa əlaqə saxlayaraq, onları İranı tərk etməyə çağırması haqda məlumat yayılıb.

İddiaya görə, kəşfiyyat əməkdaşları generallara 12 saatlıq vaxt verərək ciddi xəbərdarlıq ediblər: əgər bu müddət ərzində ölkəni tərk etməsələr, onlar və ailə üzvləri məhv ediləcəklər. Hətta bu təhdidlərin yer aldığı səs yazısının da yayıldığı bildirilir.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, belə üsullar beynəlxalq kəşfiyyat təcrübəsində zaman-zaman istifadə olunur və məqsəd sadəcə qorxutmaq deyil:

"Bu, bir tərəfdən psixoloji təzyiq formasıdır. Digər tərəfdən isə MOSSAD qarşı tərəfə, yəni SEPAH rəhbərliyinə göstərmək istəyir ki, onların strukturu içərisində sızmalar var və İsrail onların hər addımından xəbərdardır. Bu da həm narahatlıq, həm də panika yaradaraq qarşı tərəfin koordinasiyasını pozmaq məqsədi daşıyır.

İsrail-İran qarşıdurmasının yeni fazası, xüsusilə 13 iyun tarixində İsrailin endirdiyi hava zərbələrindən sonra daha da dərinləşib. Həmin hücumlarda 20-yə yaxın SEPAH generalının və nüvə sahəsində çalışan alimin öldürüldüyü iddia olunur. Bu, İran siyasi və hərbi elitasında ciddi xof və təzyiq effekti yaradıb.

08bZbRHikP1Dwhs6SRea

Kənan Novruzov

MOSSAD bu cür təhdidlərlə həm də bu qorxunu davam etdirmək, rəhbər strukturları psixoloji sarsıntıya salmaq və SEPAH daxilində etimadsızlıq yaratmaq istəyir. Bu üsullar, klassik hərbi müdaxilələrdən fərqli olaraq, hibrid müharibənin əsas komponentlərindən biri - kəşfiyyat və informasiya psixologiyası ilə bağlıdır".

K.Novruzov deyib ki, hərbi əməliyyatlar səngisə belə, kəşfiyyat və informasiya savaşları dayanmayacaq:

"Əgər tərəflər arasında atəşkəs davamlı xarakter alsa, silahlı qarşıdurma azala bilər. Lakin görünməyən müharibə, yəni casusluq, dezinformasiya və psixoloji təzyiq əməliyyatları davam edəcək. Bu mərhələdə əsas hədəf sadəcə adam öldürmək yox, sistemləri dağıtmaq və inamı sarsıtmaqdır.

Hazırda baş verənlər, klassik müharibə yanaşmalarından çox, beşinci nəsil müharibə taktikalarının tətbiq olunduğunu göstərir. İsrail tərəfi SEPAH daxilindəki mümkün zəif bəndləri aşkara çıxarmağa, həm də potensial "çevrilməyə meylli" fiqurları ya ələ keçirməyə, ya da zərərsizləşdirməyə çalışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31