Elçin Xalidbəyli: “İran-İsrail müharibəsinin yeganə qalibi ABŞ oldu” – ÖZƏL
13:25 Siyasət"İran-İsrail müharibəsində tərəflərdən heç biri faktiki olaraq qalib gəlmədi. Nə İran məğlub oldu, nə də İsrail qəti qələbə qazandı. Bu savaşın yeganə qalibi Amerika Birləşmiş Ştatları və onun prezidenti Donald Tramp oldu".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a danışan siyasi şərhçi Elçin Xalidbəyli deyib. O qeyd edib ki, İran-İsrail müharibəsi ABŞ-nin siyasi PR məqsədlərinə xidmət edən, qalibin əslində informasiya mühitində yaradıldığı bir qarşıdurma təsiri bağışlayır:
"Hazırkı vəziyyət hər iki tərəfi müəyyən mənada razı salır. İran məğlub elan edilməyib və eyni zamanda ona regional nüfuzunu qismən də olsa qorumaq imkanı verilib. ABŞ isə əvvəlcədən boşaltdığı hərbi bazalara İranın zərbələr endirməsinə icazə verərək, prosesləri nəzarətdə saxlayıb.
Digər tərəfdən, İsrail İranın hərbi potensialının əhəmiyyətli bir hissəsini sıradan çıxarmağa nail olub. ABŞ isə İranın nüvə obyektlərinə zərbə endirməklə beynəlxalq aləmə və qlobal güclərə mesaj verib ki, guya İranın nüvə potensialı artıq mövcud deyil. Halbuki bu iddia özü həm şübhəli, həm də ziddiyyətli məqamlarla doludur. Həmin zərbələr nəticəsində İranın nüvə obyektlərindən zənginləşdirilmiş uranın hara daşındığı hələ də məlum deyil.
Bütün bunlara baxmayaraq, ABŞ özünü qalib kimi göstərə biləcəyi bir informasiya mühiti yaratmağa nail olub. Lakin bu "qələbə" daha çox ictimai rəy və media üçün nəzərdə tutulmuş bir PR qələbəsi təsiri bağışlayır. ABŞ prezidenti hazırkı şəraitdə dünyaya qalib ölkənin qalib lideri kimi təqdim olunur. Yəni bu müharibə müəyyən mənada Prezident Donald Trampın şəxsi ictimai imici üçün qurulmuş siyasi şou təəssüratı yaradır".
Siyasi şərhçinin sözlərinə görə, Yaxın Şərqin gələcək taleyi və yeni münaqişə ehtimalı əsasən ABŞ-nin strateji plan və qərarlarından asılıdır.
"Bundan sonrakı proseslərin necə inkişaf edəcəyi, əsasən, ABŞ-nin strateji maraqlarından asılı olacaq. ABŞ-nin əsas hədəfi Yaxın Şərqi yenidən dizayn etməkdir. Əgər atəşkəs dövründə bu proses nəzərdə tutulmuş ssenariyə uyğun davam etsə, tərəflər arasında yeni silahlı toqquşmalar baş verməyə bilər. Lakin ABŞ-nin planlarında hər hansı pozuntu və ya təhlükə ortaya çıxarsa, o zaman bölgədə yenidən hərbi münaqişə ehtimalı aktuallaşa bilər. Hazırda Prezident Tramp mövcud vəziyyətdən məmnunluğunu açıq şəkildə ifadə edir. Bu baxımdan Yaxın Şərqdə yeni müharibə təhlükəsinin olub-olmaması məsələsi birbaşa ABŞ-dən asılıdır. Çünki müharibənin başlanması da əslində ABŞ-nin planlarına uyğun olaraq reallaşdırılmışdı. İsrail bu miqyasda bir hərbi əməliyyatı təkbaşına həyata keçirə bilməzdi. İsrailin İrana qarşı endirdiyi zərbələr ABŞ-dən razılıq və təlimat alındıqdan sonra gerçəkləşib. Bundan sonra da böyük ehtimalla Yaxın Şərqdə nələrin və necə baş verəcəyinə Vaşinqton qərar verəcək".
Səidə Ramazanova