İrana hücumların daha böyük fəlakətə çevrilməməsi üçün əlimizdən gələni edirik - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İran-İsrail arasında yaşanan son eskalasiyalarla əlaqədar danışıb. O bildirib ki, rəsmi Ankara İrana hücumların böyük bir fəlakətə çevrilməməsi üçün əlindən gələni edir.

Olaylar.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

"İsrail və onun tərəfdarlarının bizim qonşumuz İrana qarşı hücumlarının daha böyük fəlakətə çevrilməməsi üçün bütün lazımı səyləri göstəririk",- Ərdoğan Ankarada həmkarlar ittifaqları nümayəndələri ilə keçirdiyi görüşdə bildirib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31