İranın nüvə proqramı və ABŞ-İsrail zərbələri: Regional gərginlik artır- ÖZƏL
16:42 Siyasətİranın XİN başçısı Əraqçi Moskvada ABŞ və İsrailin siyasətini tənqid edərək, uranın zənginləşdirilməsinin davam edəcəyini və bunun qlobal təhlükə yaratdığını bildirib. ABŞ-nin hücumlarını beynəlxalq təhlükəsizliyə zərbə kimi dəyərləndirib.
Politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib ki, ABŞ-nin İrana zərbə endirməsinin əsas səbəbi İranın nüvə silahı əldə etməsinə çox yaxın olması idi:
" ABŞ-nin İrana endirdiyi zərbələrin əsaslandırılması ondan ibarətdir ki, İran nüvə silahı əldə etməyə çox yaxın idi və bu, həm qlobal səviyyədə təhlükələr yaradırdı, həm də Amerikanın və İsrailin maraqlarına zidd idi. Belə ki, İranda mövcud olan rejim 46 ildən bəridir İsraili yer üzündən siləcəyi ilə bağlı hədələr səsləndirir. Bu, yalnız hədələrlə və bəyanatlarla qalmır. Eyni zamanda İranın hərbi doktrinasında da bu məsələ öz əksini tapıb. Bu baxımdan İsrailin öz müdafiə və hüquqi çərçivəsində məsələyə yanaşması anlaşılandır.
Amma eyni zamanda İranın müstəqil dövlət olduğunu nəzərə alsaq və onun ərazisinə zərbələr endirilməsini nəzərdən keçirsək, şübhəsiz ki, bu, bir ölkənin suverenliyinə qarşı atılmış addımlar kimi də qiymətləndirilə bilər. Bütün hallarda İranın son 45 illik siyasəti bölgədə kifayət qədər ciddi gərginliklərin yaranmasına səbəb olub. Belə ki, İran Qərbin yanlış siyasəti nəticəsində öz imkanlarını genişləndirərək daha irəli addımlar atmağa çalışıb. Yaxın və Orta Şərqdə proksi qüvvələr yaradaraq onları silahlandırıb, dəstək verib və mövcud dövlətləri və rejimləri təzyiq altında saxlamaqla öz maraqlarını təmin etməyə çalışıb. Eyni zamanda bu siyasət İsrailin mühasirəyə alınması və "müqavimət oxu" adlandırılan bir blokun yaradılması ilə müşayiət olunub.
Bu baxımdan burada hər tərəfin özünəməxsus əsaslandırması var. İran xüsusi hədəf seçildiyini bildirir. İsrail isə İranın nüvə silahı əldə edəcəyi təqdirdə dövlət olaraq təhlükəsizliyinin ciddi risklərlə üz-üzə qalacağını bəyan edir və bunun qarşısını almağa çalışdığını söyləyir. Bu, kifayət qədər mübahisəli məsələdir. Ən doğru həll yolu tərəflərin masa arxasında razılaşmaya gəlməsidir və ABŞ prezidenti də məhz İranla bu yolu tələb edirdi. Hər halda, İran özünün nüvə proqramını davam etdirəcəyini açıqlayıb və belə görünür ki, gərginlik bundan sonra da qalacaq. Amerika tərəfinin mövqeyi isə ondan ibarətdir ki, İran bu zərbələrə cavab verərsə və nüvə proqramını davam etdirərsə, müəyyən çağırışlarla üz-üzə qalacaq.
Bu prosesin necə inkişaf edəcəyini, məncə, yaxın günlərdə daha aydın görəcəyik. Belə ki, İranın Xarici İşlər Naziri bu gün Rusiyadadır. Dünən Rusiya, Çin və Pakistanın BMT-dəki bəyanatları da kifayət qədər sərt deyildi.
Amma bu qınamalarla yanaşı, real addımlar atılacaqmı - bunu da görəcəyik. Düşünürəm ki, bölgə hazırda kifayət qədər gərgin bir dövrdən keçir və qarşıdakı günlərdə İranın atacağı addımlar gələcək konfiqurasiyanı müəyyən edəcək".
Zeynəb Mustafazadə