“Quru sərhədlərin bağlı qalması milli təhlükəsizlik baxımından strateji zərurətdir” – Ramiyə Məmmədova – ÖZƏL

Azərbaycan 2020-ci ildən bəri bağlı saxladığı quru sərhədləri hələ də açmayıb. Başlanğıcda bu pandemiya ilə bağlı olsa da, indi milli təhlükəsizlik amili ön plandadır. İran-İsrail gərginliyi və bölgədəki risklər fonunda Prezident İlham Əliyev bildirib ki, sərhədlərin bağlı qalması ölkəni ciddi təhlükələrdən qoruyub.

Maraqlıdır, quru sərhədlərin bağlı qalması hansı təhlükəsizlik risklərinə qarşı sipər rolunu oynayır?

"Prezidentin də qeyd etdiyi kimi, biz sərhədlərin bağlanmasının ilkin səbəbinin pandemiya ilə bağlı olduğunu bilirik. Ancaq zaman keçdikcə dəyişən geosiyasi vəziyyət və aparılan siyasət nəticəsində quru sərhədlərin bağlı qalması artıq illərlə gündəmdədir. Təbii ki, bu vəziyyət əhali arasında narazılıqlara səbəb olur, xüsusilə də xaricə gediş-gəliş, logistika və şəxsi səfərlər baxımından çətinliklər yaranır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. O qeyd edib ki, regional gərginlik və qaçqın axını təhlükələri fonunda Azərbaycan sərhədlərini milli təhlükəsizlik məqsədilə bağlı saxlayır:

"Hazırkı durumda bölgədəki vəziyyətə nəzər yetirdikdə görürük ki, məsələn, İran və İsrail arasında gərginlik fonunda Türkiyə sərhədləri İran vətəndaşlarının qaçqın axınına məruz qalıb. Bu hal əvvəllər də Suriyadan Türkiyəyə miqrasiya zamanı müşahidə olunmuşdu. Hazırda isə İran məsələsində, xüsusilə Van, Ardahan, Qars və Naxçıvan istiqamətində İran vətəndaşlarının Türkiyə sərhədini keçməsinin artdığını görürük. Bu insanların arasında müxtəlif qüvvələr ola bilər. Buna görə də Azərbaycanın sərhədlərinin bağlı saxlanması bir növ milli təhlükəsizliyin təmin olunmasına xidmət edir. Hazırda Azərbaycan həm Rusiya, həm də İran kimi münaqişə vəziyyətində olan ölkələrlə sərhəddə yerləşir. Belə bir şəraitdə ölkəyə daxil olan şəxslərin kimliyi, məqsədi və mümkün təhlükələri bəzən əvvəlcədən müəyyən etmək çətin olur. Hüquq-mühafizə orqanları nə qədər güclü işləsə də, bəzi hallar gözdən qaça bilər".

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan sərhədlərinin bağlı qalması, təhlükəsizlik və dövlət suverenliyinin qorunması baxımından strateji zərurətdir.

"Biz bunu digər ölkələrin təcrübəsində də görürük. Məsələn, İsrail-İran münaqişəsi zamanı İran daxilində fəaliyyət göstərən casus şəbəkələrinin ölkəyə necə zərər vurmağa çalışdıqları faktlarla sübut olunub. Bu cür halların sərhədlər vasitəsilə ölkəyə keçməsi milli təhlükəsizlik üçün ciddi risklər yaradır. Ona görə də Azərbaycanın sərhədlərinin bağlı qalması, əhalinin və dövlətin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Əlbəttə, sərhədlərin uzun müddət bağlı qalmasının həm müsbət, həm də mənfi tərəfləri var. Mənfi tərəfi odur ki, turizm azalıb, bəzi vətəndaşlar üçün hava nəqliyyatından istifadə imkanları məhduddur. Bu da iqtisadi və sosial baxımdan çətinliklər yaradır.
Xarici siyasət baxımından heç kim Azərbaycana sərhədlərini niyə açmadığına görə irad tuta bilməz. Bu, Azərbaycanın suveren hüququdur - istədiyi zaman sərhədini aça və ya bağlaya, istədiyi şəxsi qəbul edə və ya etməyə bilər. Bugünkü proseslərə baxsaq, Azərbaycan sərhədlərinin bağlı qalması ilə heç kimin torpağına iddia etmir və eyni zamanda öz torpaqlarını da təhlükəyə atmır. Bu yolla ölkəyə mümkün təhlükələrin qarşısı alınır və milli təhlükəsizlik qorunur. Dövlətimiz dəfələrlə göstərib ki, onun üçün prioritet məsələ ölkənin və xalqın təhlükəsizliyidir".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31