Azərbaycan-Türkiyə birliyinin bariz nümunəsi- ÖZƏL

"2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ bu ölkənin tarixində ən dəhşətli fəlakətlərdən biri idi. Episentri Kahramanmaraşın Pazarcık rayonunda yerləşən 7.7 bal gücündəki yeraltı təkanlar 11 vilayəti əhatə etdi. Təsiri 500 atom bombası gücünə bərabər olan bu zəlzələlər nəticəsində 53 mindən çox insan həyatını itirdi, 107 mindən artıq insan müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Hatayda 400 metrlik nəhəng çat əmələ gəldi. Şəhərlər, kəndlər, yaşayış massivləri yerlə bir oldu. Belə ağır məqamda Türkiyəyə ilk yardım əlini uzadan ölkə isə yenə də Azərbaycan oldu. Biz "bir millət, iki dövlət" olaraq həm sevincli, həm də kədərli anlarda bir yerdə olmağı bacarırıq. İyunun 19-da Kahramanmaraşda istifadəyə verilən "Azərbaycan" məhəlləsinin açılışı bu qardaşlığın və dostluğun əyani nümunələrindən biridir. Zəlzələ nəticəsində dağılmış ərazidə Azərbaycan dövlətinin dəstəyi ilə inşa edilən bu məhəllənin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdilər. Dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin sarsılmaz və əbədi olduğuna şahidlik etdi". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Prezident İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində iştirakı və çıxışları Azərbaycan-Türkiyə birliyinin bariz təzahürüdür. Prezident İlham Əliyev çıxışında Azərbaycan xalqının Kahramanmaraş və digər bölgələrdə baş vermiş faciəni öz şəxsi dərdi kimi qəbul etdiyini vurğuladı. Həmin dövrdə dövlət səviyyəsində edilən yardımlarla yanaşı, fərdi təşəbbüslərlə də geniş dəstək göstərildi. Ölkənin hər yerində - ucqar rayon və kəndlərdə belə insanlar öz imkanları çərçivəsində qardaş Türkiyə üçün yardım toplayırdılar. Bu həm də xalqımızın mənəvi ucalığının təzahürü idi. Qısa müddətdə zəlzələ bölgələrində geniş bərpa və yenidənqurma işləri həyata keçirildi. Kahramanmaraşda salınan "Azərbaycan" məhəlləsi Azərbaycan-Türkiyə birliyinin növbəti rəmzi abidəsinə çevrildi. Bu hadisə Türk dünyasının birliyi mesajı olaraq, münaqişə və müharibələrin hökm sürdüyü bir dövrdə bütün dünyaya sülh, həmrəylik və sosial rifah çağırışı idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31