Ortaq tariximizin, qardaşlığımızın möhtəşəm rəmzi- ÖZƏL

"Tarix boyu türk dövlətləri birlikdə olduqları zaman güclü olmuş, imperiyalar qurmuş, dünyanın ən qüdrətli ordularını məğlub etmişlər. Bu gün biz həmin birliyin yenidən formalaşmasının, onun yaratdığı möcüzələrin şahidi oluruq. 2023-cü il fevralın 6-da qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrinin cəmi iki il ərzində aradan qaldırılması türk birliyinin təbii fəlakətin doğurduğu çətinliklərin dəf edilməsi baxımından parlaq qələbə kimi qiymətləndirilə bilər. Bu uğurlu nəticələrdə Azərbaycanın da əhəmiyyətli rolu var. Zəlzələdən dərhal sonra Azərbaycanın göstərdiyi yardım, Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin salınması buna bariz nümunədir". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Bu məhəllə ortaq tariximizin, qardaşlığımızın möhtəşəm rəmzidir. Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı bu gün də Türkiyə-Azərbaycan münasibətlərinin təməlini təşkil edir. Həm sevincli, həm də kədərli günlərdə xalqlarımız və dövlətlərimiz bir yerdədir. Liderlərimiz bu birliyi daha da gücləndirir və inkişaf etdirirlər.

İyunun 19-da dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının və müttəfiqliyinin sarsılmazlığına şahidlik etdi: "Azərbaycanın dəstəyi ilə Kahramanmaraş şəhərində inşa olunmuş məhəllənin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdilər. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində yaşanan faciəni Azərbaycan xalqı öz faciəsi kimi qəbul etdi. Zəlzələnin ertəsi günündən etibarən Azərbaycan min nəfərdən çox heyət - axtarış-xilasetmə qrupları, könüllülər və həkimlər daxil olmaqla - Türkiyənin zəlzələ bölgələrinə göndərildi. Azərbaycanlı xilasedicilər 53 nəfəri dağıntılar altından sağ çıxardı, iki səhra hospitalında isə 3200 nəfərə tibbi yardım göstərildi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyd etdi ki, biz eyni bayrağın kölgəsində dua edən, eyni səccadədə göz yaşı tökən, eyni istiqlal üçün qurban verən bir millətin, iki dövlətin eyni ürək daşıyan övladlarıyıq. Yayılan görüntülərdən də göründüyü kimi, Kahramanmaraşdakı "Azərbaycan" məhəlləsi bütün Türkiyə üzrə ən nüfuzlu layihələrdən biridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31