Azərbaycan-Türkiyə dostluğu qardaşlıq, mənəviyyat və həmrəylik üzərində qurulub- ÖZƏL

"Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin təntənəli açılışı hər bir azərbaycanlının və türkün qəlbində iftixar və qürur hissi doğurur. 2023-cü ilin fevralında baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycanın göstərdiyi qardaş dəstəyi bu gün real bir yaşayış məkanına çevrilərək tarixə yazıldı. Mən də fəlakətin ilk günlərində bir sıra həmkar millət vəkillərimizlə birlikdə Kahramanmaraşda olmuş, zəlzələnin ağır nəticələrini yerində görmüş və xalqımız adından başsağlığı vermişdim. O zaman insanların yaşadığı dərdləri, itkiləri, acıları birbaşa görərək, bu xalqın necə böyük iradəyə sahib olduğuna bir daha şahid olmuşduq". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Bu gün həmin bölgədə "Azərbaycan" məhəlləsi kimi bir layihənin reallığa çevrilməsi, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışın gerçəkləşməsi bir daha sübut edir ki, Azərbaycan-Türkiyə münasibətləri sadəcə diplomatik müstəvi ilə məhdudlaşmır - bu münasibətlər qardaşlıq, mənəviyyat və həmrəylik üzərində qurulub. Azərbaycan Respublikası Dövlət Mənzil-Tikinti Agentliyi tərəfindən həyata keçirilən bu layihə bir yaşayış məntəqəsindən daha artıq anlam daşıyır - bu, dostluğun, mərhəmətin və bir dövlətin digər dövlətə dayaq olmasının simvoludur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31