ABŞ minlərlə kilometr məsafəni qət edib İrana zərbələr endirməklə Çin və Rusiyaya göz dağı verdi- ÖZƏL
11:49 Siyasət"İsrail İrana qarşı başlatdığı hərbi kompaniyasında ilk gündən ciddi səylə çalışdığı məqsədinə nail oldu. ABŞ İranın nüvə obyektlərinə zərbə endirməklə praktiki olaraq müharibə tərəflərindən biri oldu. Bu proses mənə keçmişi, daha dəqiq desək İraq ssenarisini xatırlatdı. Həmin vaxt da İsrail ABŞ-ı müharibəyə cəlb etmək üçün mümkün olan bütün variantlara əl atmışdı və nəticədə Vaşinqtonun görünüşdə uğurlu, lakin dərin məntiqində uğursuz İraq əməliyyatı baş tutmuşdu." "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Pərviz Mirizadə deyib: "Bir məsələyə aydınlıq gətirək. Təl-Əviv B2 Spirit kimi bombardmançı təyyarələri olmasa da, modernizasiya edilmiş və 7 ton çəkisində aviabomba daşımaq qabiliyyətinə malik F 15 təyyarələrinə sahibdir ki, bu da həmin obyektlərə zərbə endirmək üçün hesab edirəm kifayət edir. Üstəlik hava üstünlüyünü ələ keçirmişkən davamlı zərbələr etdirməkdə heç bir maneə də yoxdur. Lakin, İsrail üçün situasiyanın mənfi təsirindən yayınmaq və bunu Vaşinqtonun üzərinə cəmləmək lazım idi. Buna da nail oldular.
ABŞ - da öz növbəsində minlərlə kilometr məsafəni qət edib nöqtə zərbələr endirməklə əsas rəqibləri Çin və Rusiyaya göz dağı verdi. Həqiqətən də bu bir peşəkarlıq nümunəsidir və Amerika ordusu bir daha öz gücünü nümayiş etdirməyi bacardı. Bu çərçivədə İran parlamentinin Hörmüzü bağlamaqla bağlı qərarı da, məhz üçüncü qüvvələri prosesə cəlb etməyə hesablanmış gedişdir. Enerji qiymətləri qalxır və oxlar Çinə istiqamətlənir".