Ermənistanda etirazların arxasında kimlər dayanır? – Ekspert ŞƏRHİ – ÖZƏL

İyunun 19-da İrəvanda Qarabağdan köç etmiş ermənilər etiraz aksiyası keçiriblər. "Hadrut Uğrunda" QHT-nin rəhbəri Levon Hayryan revanşist çağırışlarla Ermənistan hökumətini sərt şəkildə tənqid edib. O, "Artsax hələ itirilməyib" şüarı ilə erməni əhalisini mübarizəyə dəvət edib. Analitiklər isə bu aksiyaların arxasında Rusiyapərəst qrupların dayandığını vurğulayırlar. Eyni zamanda, köçkünlərə ayrılan sosial yardımın azaldılması narazılığı daha da artırıb. Separatçı qüvvələr isə hələ də Qarabağa qayıtmaq ümidi ilə yaşayırlar.

"Ermənistanda bu cür aksiyaların davam etməsi şübhəsiz ki, maliyyə məsələləri ilə bağlıdır. Məlumdur ki, Ermənistanda müəyyən dairələr hələ də xarici ölkələrdən, xüsusilə də Amerika Birləşmiş Ştatları və Avropadan, Qarabağdan köç etmiş ermənilərin adına pul toplayırlar. Bu məqsədlə müxtəlif təşkilatlar fəaliyyət göstərir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçinin sözlərinə görə, Ermənistanda müxtəlif siyasi qruplar xaricdən aldıqları ianələri əsasən şəxsi və siyasi maraqlar üçün istifadə edir, sadə ermənilər isə bu prosesdə alətə çevriliblər:

"Bu strukturlar arasında Qarabağ separatçılarının sonuncu rəhbəri Samvel Şahramanyanın qrupu, Vitali Balasanyanın komandası, həmçinin Nikol Paşinyan hökumətinə yaxın dairələr və keçmiş Qarabağ klanını təmsil edən qruplar yer alır. Onlardan biri - Şam ermənilərinin klanı - Suriya ermənilərinə bağlıdır və bu qrupa Ermənistanın keçmiş xarici işlər nazirlərindən olan Vardan Askanyan rəhbərlik edir. Askanyan son vaxtlar ABŞ və Avropada bu məsələ ilə bağlı fəal görüşlər keçirir. Ermənistan mediası və erməni sosial şəbəkə seqmenti izlənildikdə aydın olur ki, sadə erməni xalqı bu qrupların, demək olar ki, hamısından narazıdır. Çünki toplanan vəsaitlər onlara çatmır, fərdi və siyasi məqsədlər üçün istifadə olunur.
Adı çəkilən bütün qrupların arxasında konkret siyasi məqsədlər dayanır - istər Şahramanyan, istər Balasanyan, istərsə də Qarabağ klanı və ya hökumətə yaxın dairələr olsun. Bu qruplar uzun müddətdir ki, müxtəlif yollarla ianələr və maliyyə dəstəkləri toplayırlar. Qarabağdan köç etmiş ermənilər isə bu prosesdə alətə çevriliblər və onlar üçün bu məsələ artıq sırf maliyyə məsələsinə çevrilib.
Hazırda bu qruplar xaricdən aldıqları pulların əvəzində konkret fəaliyyət nümayiş etdirməyə çalışırlar. Qondarma mitinqlər keçirməklə, revanşist bəyanatlarla çıxış etməklə, xaricdəki maliyyəçilərinə "aktiv fəaliyyət göstəririk, pullar boşa getmir" mesajı verməyə çalışırlar. Onların məqsədi bu yolla xaricdən maliyyənin davamını təmin etməkdir".

Siyasi şərhçi qeyd edib ki, separatçı qrupların görüntü naminə apardığı fəaliyyətlər yalnız erməni xalqının mənafeyinə zərər vurur və artıq Azərbaycan üçün heç bir təhlükə kəsb etmir.

"Bu cür fəaliyyətlərin heç bir real əsası yoxdur və sadəcə görüntü xatirinə edilir. Uzun illər Xankəndidə mövcud olmuş xunta rejimi - hansı ki, bu gün törətdiyi cinayətlərə görə Azərbaycanın müvafiq hüquq-mühafizə orqanlarının istintaq təcridxanalarında və məhkəmələrində cavab verir - həmin dövrdə erməni xalqını əsarət və terror altında saxlamış, xaricdən göndərilən vəsaitləri isə korrupsiya və şəxsi məqsədlərlə mənimsəmişdir.
Təəssüf ki, bu gün də Qarabağdan köç etmiş bəzi qruplar eyni siyasəti davam etdirirlər. Bu, sadə erməni vətəndaşları üçün acınacaqlı və düşündürücü faktdır - erməni xalqı kimlərin əlində alətə çevrilib və hansı məqsədlər üçün istifadə olunur.
Bu məsələnin Azərbaycana birbaşa aidiyyəti yoxdur. Azərbaycan artıq öz torpaqlarını azad edib, güclü orduya malikdir və ərazilərində quruculuq işlərini davam etdirir. Eyni zamanda, ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən Ermənistanın havadarı hesab edilən dövlətlərin diplomatları tərəfindən qəbul olunub. Artıq bu ölkələrin səfirləri Qarabağa - Azərbaycanın azad etdiyi torpaqlara səfərlər edirlər. Bu cür fəaliyyətlər isə yalnız erməni xalqının ziyanına işləyəcək".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31