Ölkəmizin təhlükəsizliyi etibarlı əllərdədir- ÖZƏL

"Azərbaycan Silahlı Qüvvələri 107-ci ildönümünü yüksək döyüş hazırlığı, milli ruh və böyük qürur hissi ilə qarşılayır. Bu gün Azərbaycan Ordusu yalnız hərbi güc simvolu deyil, həm də xalqın güvənc yeri, dövlətin qüdrətinin təcəssümüdür. Uğurlu islahatların, mütəşəkkil strategiyanın və uzaqgörən liderliyin nəticəsi olaraq bu gün ordumuz Cənubi Qafqazın ən güclü hərbi qüvvəsi hesab olunur". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev deyib: "Azərbaycan Ordusunun şanlı Zəfəri - 44 günlük Vətən müharibəsi hərb tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın sarsılmaz iradəsi, xalqın birliyi və ordumuzun qəhrəmanlığı nəticəsində 30 ilə yaxın müddət işğal altında qalan torpaqlarımız azad edildi. Ordumuz bu döyüşlərdə yüksək peşəkarlıq nümayiş etdirdi, dünya hərb tarixinə düşəcək taktiki uğurlarla düşməni məğlub etdi, Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu.Bu müqəddəs savaşda şəhid olan əsgər və zabitlərimizin qəhrəmanlığı xalqımızın yaddaşına əbədi həkk olundu. Onların şücaəti bu gün azad nəfəs aldığımız yurdumuzun hər qarışında yaşayır. Qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Ordumuzun göstərdiyi igidlik sayəsində Azərbaycan xalqı artıq əmindir ki, ölkəmizin təhlükəsizliyi etibarlı əllərdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31