“Naxçıvana dəmir yolunun çəkilməsi o demək deyil ki, muxtariyyət ləğv olunacaq”-Vitse-spiker

Naxçıvanla bağlı dəyişikliklərə tarixi zərurət var. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisdə "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsinin müzakirəsi zamanı spikerin müavini Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, bu dəyişikliklərin mahiyyəti Naxçıvan Konstitusiyasında Azərbaycanda olduğu kimi idarəetmənin bölüşdürülməsidir: "Lakin bu indiyədək praktikada özünü göstərməmişdi. Bundan sonra isə Prezidentin nümayəndəliyinin orada olması prosesi praktikada da reallaşdıracaq".Vitse-spiker qeyd edib ki, yeni dəyişikliklər, həmçinin Naxçıvanın sosial-iqtisai inkişafına müsbət təsir edəcək.  

Ziyafət Əsgərov Naxçıvanın muxtariyyətinin ləğvini dəstəkləyən Qüdrət Həsənquliyevə də cavab verib: "Qüdrət müəllim siz bu məsələni dəfələrlə qaldırmısınız. Bu predment deyil. 1992-ci ildə siz bunu etdiniz bəs nə oldu, Heydər Əliyev ora gəlməsəydi, Allah eləməsin, hər şey daha fərqli olardı. Siz baxın Naxçıvan hansı ölkələrlə qonşudur. Bəziləri düşünür ki, Naxçıvanın muxtariyyəti əlindən alınmalıdır, çünki Azərbaycan unitar ölkədir. Muxtariyyətin olması unitarlığa xələl gətirmir. Bəli, Zəngəzur dəhlizi açılacaq, dəmir yolu da çəkiləcək. Amma Naxçıvana dəmir yolunun çəkilməsi o demək deyil ki, muxtariyyət ləğv olunacaq. Xahiş edirəm, bu məsələni bir daha qaldırmayın!".

Bunun ardınca Qüdrət Həsənquliyev söz istəyib: "Zamanında mən bu parlamentdə çıxış edib deyəndə ki, Naxçıvanda Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hakimiyyətlərin bölgüsü prinsipi öz həllini tapmayıb, Ziyafət müəllim çox uğurla bunun tam əksini sübut etməyə çalışırdı. Stenoqramlarda bu çıxışlar var. Zamanla burada mənim qaldırdığım çox məsələlər sonradan öz əksini tapıb. Ümid edirəm ki, Naxçıvanın muxtariyyəti ilə bağlı məsələ də nə vaxtsa öz həllini tapacaq. İkincisi isə, təklif vermək, təşəbbüslə çıxış etmək nə vaxtdan qəbahət hesab olunub? Mən dedim ki, ictimai müzakirələr açılsın, xalqımız bunu qəbul edəcəksə edəcək, etməyəcəksə də etməyəcək. Buna görə də doğrudan da məsuliyyətli olmaq lazımdır".

Ziyafət Əsgərov isə cavab olaraq bildirib ki, Qüdrət Həsənquliyev həmişə Naxçıvanın muxtariyyət statusunun ləğvini dəstəkləyib: "Mən isə ləğv olunmamasını müdafiə etmişəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31