İran-İsrail qarşıdurması fonunda Cenevrə: Sülh axtarışı, yoxsa təzyiq diplomatiyası?- ÖZƏL

İsrailin İrana beş günlük hücumundan sonra regionda diplomatik gərginlik artır. Cenevrədə İran, Fransa, Almaniya və Böyük Britaniyanın XİN başçıları görüşü planlaşdırılır. Maraqlıdır ki, bu görüş regionda və xüsusilə İran-İsrail gərginliyi fonunda hansı strateji məqsədlərə xidmət edə bilər?

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlama verib:

"Məsələ burasındadır ki, kollektiv Qərb indi İrana qarşı artıq formalaşıb. Vaxtilə o var idi, sonra parçalandı, indi yenə var. Azərbaycan-Ermənistan qarşıdurmasında da kollektiv Qərb var idi. Həm Amerika- senatorlar, başqa institutlar, həm də Avropa ölkələri - onlar hamısı birmənalı Ermənistanın tərəfində idilər. Halbuki Ermənistan işğalçıdır. İndi  də İran məsələsində onlar hamısı İsraili dəstəkləyir və deyirlər ki, İsrailin özünü müdafiə etmə hüququ var. Əgər bu hüquq İsraildə varsa, İranda olmalı deyil?   İsrail İrana hücum edib, həm hərbçilərini, həm siyasətçilərini, həm ailələrini öldürüb. Amma,  onlar deyir ki, İran qarşılıq verməməlidir. 
Bu proseslərin fonunda mən heç bir hipotetik şans görmürəm ki, İranla Qərbin danışıqları real olsun. Onlar sadəcə, vasitəçi  rolunu oynayacaqlar. Amerikanın dediklərini çatdıracaqlar İran tərəfinə. 
Bəlli oldu ki, İranın xarici işlər nazir müavini Abbas Araqçı da hədəfdəymiş, onu öldürəcəklərmişlər. Görürsünüz,  bu proseslər nədən xəbər verir? Ona xəbər verir ki, orada dünya siyasi elitası artıq açıq-aşkar şəkildə mövqe bildirir. Riyakarlıq edib, tərəfkeşlik edirlər. 
Digər tərəfdən, müsəlman dövlətlərinə çox saxta bir münasibət bəsləyirlər və onları həmişə çalışırlar əsarətdə saxlasınlar. Bu, hökmranlığın sonu olmalıdır. Mən elə görürəm ki, məsələ İran-İsrail qarşıdurması fonunda da, o məsələnin də müqəddəratı, həllini tapa bilər. Çünki belə  yanaşmalar olmamalıdır. Amerika Birləşmiş Ştatları əgər Yaxın Şərqə getmək istəyirsə, gərək bir dəfəlik getsin. Getmirsə, onda gəlib ürək bulandırmasın. Bütün bunlar bağışlanmaz səhvlərdir- beynəlxalq hüquq baxımından cinayətlərdir. Hər bir ölkənin ərazi bütövlüyü var. İranın suverenliyi pozulur. Bununla İran xalqı barışmalıdır, razılaşmalıdır? Siyasi rəhbərlik deməlidir ki, get Avropa ilə danış, ya Amerika ilə razılığa gəl? Xeyr! 
Bu dövlətlər hökmranlıq istəyini azaltmalı, onu gündəmdən çıxarmalıdır. Artıq dövlətlər, xalqlar onlar oyanışa keçiblər. Onlar artıq özlərinə adekvat bir münasibət tələb edirlər.
Azərbaycan rəhbəri-Prezident İlham Əliyev niyə deyir ki, biz bütün ölkələrlə ancaq bərabərhüquqlu tərzdə münasibət qurmaq istəyirik ki,  bizə təzyiqlər göstərilməsin. Bu, çox haqlı bir qeyddir. Düşünürəm ki, onlar bu qeydləri eşidəndə sanki özlərini bilməzliyə vururlar.  Odur ki, hər subyektin  bacarığı var, dili var.
Bu, heç də kiçik bir məsələ deyil. Düşünürəm ki, Cenevrə görüşünün heç bir təsiri olmayacaq. O da ki, gəlib hansısa xırda məsələlərlə bağlı bir müzakirə aparsınlar, amma müzakirələr sonradan bir növ açar rolu oynaya bilər. Bir çox proseslərin hamısını şərtləndirən də indi İranla İsrail arasında olan hərbi toqquşmadır. Burada günahkar birmənalı olaraq İsraildir və o, gərək bir növ bölgəni rahat buraxsın. Böyük bir bölgədir, çox milyonlu əhalisi var. Tranzitlər keçir, mal dövriyyəsi var, təbii sərvətləri var. Bunların hamısını nəzərə alaraq, İsrail gərək artıq Amerikanın əlində alət kimi istifadə olunmaqdan imtina etsin. Təbii ki, burada İranın da siyasətində dəyişikliklər olmalıdır. Çünki İran da bir çox məsələlərdə, o cümlədən Azərbaycanla münasibətlərdə yanlış mövqedən çıxış edib. Sonra Zəngəzur dəhlizində maneələr törədib və s. Düzdür, biz İranla danışmışıq, indi münasibətlərimizdə yeni məqamlar var, onlar ümidvericidir, amma hər halda bu, səmimi bir yanaşmadır.
İran tərəfi gərək əlbəttə ki, öz prioritetlərinə yenidən baxsın".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31