Azərbaycan milli təhlükəsizliyini necə təmin edir?

İsrail-İran münaqişəsinin genişlənməsi regionda təhlükəsizlik məsələsini aktuallaşdırıb. Heç şübhəsiz ki, İranla həmsərhəd olan ölkələr bu istiqamətdə müəyyən addımlar atıblar. Buna baxmayaraq, təhlükəsizlik məsələləri ilə bağlı bəzi açıq qalmış suallar var ki, cəmiyyətin maraq dairəsindədir. Çox təəssüf ki, müharibə şəraitindən istifadə edərək cəmiyyəti çaşdırmağa hesablanmış açıqlamalar da mediaya yol tapmaqdadır. Məsələn, ictimai-siyasi xadim Pənah Hüseyn özünün sosial media hesabında 1921-ci il fevralın 26-da RSFSR ilə Persiya (indiki İran) arasında bağlanmış müqavilənin 6-cı maddəsinə istinad edərək qeyd edib ki, Azərbaycan İrana qoşunla daxil olmaq hüququna malikdir. "Əgər üçüncü bir dövlət (bu halda İsrail) Persiya ərazisindən Sovet İttifaqına (bu gün Azərbaycan onun hüquqi varislərindən biridir) qarşı hərbi baza qurarsa və İran bu təhdidi aradan qaldıra bilməzsə, Rusiya və ya onun varisi olan dövlətlər həmin təhlükəni zərərsizləşdirmək üçün İran ərazisinə qoşun yeritmək hüququna malik olur. SSRİ-nin hüquqi varisi kimi Azərbaycan bu müqaviləyə əsaslanaraq müvafiq diplomatik və hərbi addımlar atmaq səlahiyyətinə malikdir".

Əvvala qeyd edək ki, nəinki keçmiş İttifaq dövlətləri, hətta  Rusiyanın özü SSRİ-nin varisi hesab edilmir. Beynəlxalq hüquqa görə, Rusiya SSRİ-nin davamçısı sayılır. Məhz bu səbəbdən SSRİ dağılanda onun xarici borcu heç də 15 respublika arasında bölünmədi. Deməli, Azərbaycan da SSRİ-nin varisi olmadığından 1921-ci il fevralın 26-da RSFSR ilə Persiya (indiki İran) arasında bağlanmış müqavilə özlüyündə qüvvədən düşmüş hesab olunur. Hazırki şəraitdə Azərbaycan ancaq və ancaq İranla razılaşdırılmış şəkildə və beynəlxalq hüquq normalarına uyğun olaraq İran ərazisinə daxil ola bilər. Bu, hər iki ölkənin müəyyən etdiyi sərhədlər çərçivəsində baş verir və hər hansı bir ərazi iddiaları və ya işğalı olmadan həyata keçirilir. Azərbaycanın İran ərazisinə daxil olması üçün aşağıdakı halları nəzərdən keçirmək olar: 
Diplomatik razılaşmalar: Azərbaycan və İran arasında diplomatik əlaqələr və razılaşmalar əsasında sərhədlərin müəyyən edilməsi və ya dəyişdirilməsi baş verə bilər.
Beynəlxalq hüquq: Beynəlxalq hüquq normalarına uyğun olaraq, sərhədlərin müəyyən edilməsi və ya dəyişdirilməsi prosesi baş verə bilər.
Sülh və təhlükəsizlik: Hər iki ölkənin sülh və təhlükəsizliyini təmin etmək məqsədi ilə sərhəd bölgələrində müəyyən tədbirlər görülə bilər. Bu hallar istisna olmaqla, Azərbaycanın İran ərazisinə daxil olması qeyri-qanuni və beynəlxalq hüquqa zidd hesab olunur.

Buna baxmayaraq, Azərbaycan istənilən halda milli təhlükəsizliyini təmin etmək hüququna malikdir. Azərbaycan Respublikasının milli təhlükəsizliyi dedikdə, onun müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunması başa düşülür. Ölkə qanunvericiliyinə uyğun olaraq, milli təhlükəsizliyin obyektləri insan - onun hüquq və azadlıqları, cəmiyyət - onun maddi və mənəvi dəyərləri, dövlət - onun müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyüdür. Milli təhlükəsizliyin subyektləri isə insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyi maraqlarının və tələbatlarının təmin edilməsi məqsədilə yaradılmış dövlət hakimiyyəti orqanlarıdır. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatı sistemi (MTTS) ölkə Konstitusiyası və qanunları əsasında qarşılıqlı fəaliyyət göstərən və öz səlahiyyətləri çərçivəsində milli təhlükəsizliyin təmin olunmasına cavabdeh olan qüvvələrin və digər dövlət orqanlarının məcmusudur. Bu qüvvələr və dövlət orqanları milli təhlükəsizliyin təmin olunmasına görə məsuliyyət daşıyırlar. MTTS vahid dövlət siyasətinin hazırlanması, siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekoloji, elm, mədəniyyət və mənəviyyat, habelə digər sahələrdə milli maraqların qorunması prosesinin kompleks fəaliyyət şəklində səmərəli tətbiqi üçün şərait yaradır.

Milli təhlükəsizlik haqqında qanunvericilikdə siyasi sahədə əsas milli maraqlar dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü; konstitusiya quruluşunun qorunması, demokratik, hüquqi, dünyəvi dövlətin mövcudluğu; Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması; vətəndaş cəmiyyətinin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması; ictimai-siyasi sabitliyin təmin edilməsi; kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınması; dünya azərbaycanlılarının həmrəyliyi; xaricdə yaşayan həmvətənlərin hüquqlarının müdafiəsi; Azərbaycanın dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşaması, bərabər tərəfdaşlıq əsasında beynəlxalq əməkdaşlığın inkişafı, Avropa və dünya birliyinə inteqrasiya; beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzunun artırılmasıdır. İqtisadi sahədə əsas milli maraqlar iqtisadi potensialın artırılması; bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının təkmilləşdirilməsi; iqtisadi sabitliyin təmin olunması; iqtisadiyyatın inkişafı üçün daxili və xarici investisiyalardan ötrü əlverişli şəraitin yaradılması; təbii və maddi sərvətlərin qorunması və səmərəli istifadə edilməsi; regional və dünya bazarlarının formalaşdırılmasında və fəaliyyət göstərməsində azad və bərabər hüquqlu iştirakın təmin edilməsi nəzərdə tutulur. 

Azərbaycan Respublikasının hərbi sahədə əsas milli maraqları dövlətin müdafiə qüdrətinin, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin komplektləşdirilməsinin, döyüşə və səfərbərliyə hazırlığının, hərbi-texniki təchizatının təmin edilməsidir. Milli təhlükəsizliyə təhdidlər isə Azərbaycan Respublikası milli maraqlarının həyata keçirilməsinə mane olan və ya onlara təhlükə yaradan şərait, proses və amillərdir. Təhdidlər mümkünlüyündən asılı olaraq potensial və real olur. Mənbələrindən asılı olaraq isə onlar xarici və daxili təhdidlərdən ibarətdir. Milli təhlükəsizliyə potensial və real, daxili və xarici təhdidlər əsasən ictimai həyatın siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekologiya, elm, mədəniyyət və mənəviyyat sahələrində təzahür edir.

Məsələn, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə siyasi sahədə əsas təhdidlər ölkənin dövlət müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər; ictimai-siyasi sabitliyin pozulması; insan və vətəndaş hüquq və azadlıqlarının pozulması, demokratik təsisatlara qarşı daxili və xarici təzyiqlər; dövlət orqanlarının təşkilat strukturunun dağıdılması, onların fəaliyyətlərinin pozulması, ölkədə idarəetmə səviyyəsinin aşağı düşməsi; milli və dini münasibətlərin kəskinləşməsi, separatçılıq, etnik, dini və siyasi ekstremizm hallarının yayılması; ictimai təhlükəsizliyin pozulması, hüquqpozmaların sosial profilaktikasının səmərəsizliyi, cinayətkarlığın, xüsusən onun mütəşəkkil, transmilli formalarının artması; qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılması, silahlı qiyamın təşkil edilməsi; xarici xüsusi xidmət orqanlarının və başqa təşkilatların, həmçinin ayrı-ayrı şəxslərin respublikaya qarşı kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyəti; digər dövlətlər tərəfindən Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə nəzərdə tutulur. Ölkə Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Prezidenti dövlət müstəqilliyinin, ərazi bütövlüyünün təminatçısıdır. Dövlət başçısı Təhlükəsizlik Şurasını, eləcə də özünün konstitusiya səlahiyyətləri çərçivəsində milli təhlükəsizliyi təmin edən qüvvələri və dövlət orqanlarmı yaradır, həmin qurumlara rəhbərlik edir. 

Göründüyü kimi milli təhlükəsiliyin təmin edilməsi üçün yerli qanunvericilikdə Azərbaycanın hansısa ölkənin ərazisinə qoşun yeritməsi mexnizmi müəyyən edilməyib. Buna baxmayaraq, beynəlxlaq praktikada milli təhlükəsizliyi təhdidlərə məruz qalan ölkələrin sərhəddə təhlükəsiz zona yaratmaq praktikası mövcuddur. "Sanitar zona", yaxud, "bufer zona" adı altında silahsızlaşdırılmış ərazinin yaradılması yalnız iki dövlətin ümüumi razılığı əsasında mümkün ola bilər. Məlumat üçün qeyd edək ki, 1953-cü ildə Şimali və Cənubi Koreya bütün sərhəd boyunca (248 km) hər tərəfdən 2 km eni olan bufer zona  yaradılmasına razılaşıblar.  BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə 1974-cü ildə isə İsrail və Suriya arasında Colan təpələri yaxınlığında 75 km uzunluğunda "silahsızlaşdırılmış zona" yaradılıb.  Elə həmin ilin avqustunda BMT Təhlükəsizlik Şurasının başqa bir qərarı ilə Kipr Respublikası ilə Şimali Kipr Türk Cümhuriyyətini ayıran uzunluğu 180 km, eni 7 km-ə qədər olan bufer zona yaradılıb.  1979-cu ildə martından Misir və İsrail sülh müqaviləsi imzalayıblar və bu müqavilə ilə Sinay yarımadası "bufer zona" kimi təsis edilib. 1991-ci ilin aprelində "Səhrada tufan" əməliyyatından sonra BMT Təhlükəsizlik Şurası İraq və Küveyt sərhədində də 200 kilometrlik "bufer zona" qurub.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31