"Trampın Qrenlandiya planı NATO-nun sonu ola bilər" – ÖZƏL
17:13 Dünya"Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyi qətidir. Venesuelada uğurlu hesab etdiyi əməliyyatlardan sonra Tramp daha da həvəslənib və hesab edir ki, dünyanın istənilən yerində, o cümlədən Qrenlandiyada belə addımlar ata və nəticə əldə edə bilər".
Bu fikirləri Olaylar.az-a açıqlamasındq siyasi ekspert Şakir Ağayev deyib. Ekspert bildirib ki, Tramp ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra əsas hədəflərindən biri Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi məsələsi olub. Əvvəl Ukrayna məsələsi, daha sonra Qrenlandiya, hətta Kanadanın da ABŞ-nin növbəti hədəfi ola biləcəyi ilə bağlı fikirlər səsləndirilib. Artıq Qrenlandiya mövzusu daha da ciddiləşib və ABŞ açıq şəkildə bildirir ki, istənilən vasitə ilə bu ərazini özünə birləşdirmək niyyətindədir.
Sözsüz ki, bu olduqca çətin və riskli prosesdir. Bu addım Amerikanın Avropa ilə münasibətlərində ciddi gərginlik yarada, mövcud konfliktləri daha da kəskinləşdirə bilər. Hətta bu vəziyyət 1949-cu ildən bəri dünyanın ən güclü hərbi-siyasi bloku hesab edilən NATO-nun parçalanmasına qədər gedib çıxa bilər. Çünki ABŞ bu məsələdə bir NATO üzvü olan Danimarkaya qarşı mövqe tutur. Maraqlı sual ondan ibarətdir ki, bu vəziyyətdə NATO-nun 5-ci maddəsi necə işləyəcək. ABŞ özü NATO üzvü olmaqla yanaşı, eyni zamanda alyansın əsas və aparıcı dövlətidir. NATO büdcəsinin təxminən 51 faizi ABŞ tərəfindən maliyyələşdirilir, hərbi rəhbərlik də əsasən amerikalı generalların əlindədir. Məhz bu səbəbdən yaranmış vəziyyət Avropanı və NATO-nu ciddi dilemma qarşısında qoyub. Diqqətçəkən məqam ondan ibarətdir ki, NATO-nun baş katibi digər münaqişələr zamanı dərhal mövqe bildirir, lakin bu məsələdə indiyə qədər susqunluq nümayiş etdirir. Bu isə həm Avropanı, həm də xüsusilə Danimarkanı ciddi şəkildə narahat edir.
"Geosiyasi maraqlara gəldikdə isə, Tramp üçün əsas prioritetin iqtisadiyyat, maliyyə və biznes olduğu aydın görünür. Tramp dünyaya əsasən ticari prizma ilə yanaşır və beynəlxalq siyasəti biznes aləti kimi görür. Mən daha əvvəl də bu mövzuda proqnoz vermişdim və bu proqnoz özünü doğrultdu: söhbət Venesueladan, daha dəqiq desək, Venesuela neftinin nəzarətə götürülməsindən gedirdi. Tramp bunu açıq şəkildə etiraf edərək bildirdi ki, əsas məqsəd neft olub. Artıq ABŞ rəhbərliyi Venesueladan böyük həcmdə neft tədarük ediləcəyini də açıqlayıb. Məlumdur ki, Arktika bölgəsində dünya neft ehtiyatlarının təxminən 40-50 faizi, qaz ehtiyatlarının isə 17 faizə yaxını mövcuddur. Bu region çox böyük təbii sərvətlərə malikdir. Eyni zamanda, hazırda Arktikada ən fəal hərbi və iqtisadi mövcudluğa malik ölkə Rusiyadır. Çin də bu bölgədə ciddi layihələr həyata keçirir. Tramp isə açıq şəkildə bildirir ki, ABŞ bu addımları atmasa, Arktika Rusiya və Çinin nəzarətinə keçə bilər. Bununla belə, Çin Xarici İşlər Nazirliyi bu iddiaları təkzib edərək, adlarından sui-istifadə edildiyini bəyan edib. Qrenlandiyanın işğalı ilə bağlı fikirlər Trampın şəxsi siyasi iradəsini əks etdirir. Göründüyü kimi, Tramp niyyətində israrlıdır. Eyni zamanda, Arktika gələcəkdə Şimal dəniz yolları baxımından da strateji əhəmiyyət kəsb edir. Bu region həm nəqliyyat marşrutları, həm də təbii ehtiyatlar baxımından gələcəyin əsas resurs bazası hesab olunur. ABŞ-nin hərbi ekspertləri də bildirirlər ki, Arktika Amerikanın hava hücumundan müdafiə sisteminin təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir", - deyə ekspert əlavə edib.
Siyasi şərhçi bildirib ki, Danimarka və Avropa ictimaiyyətinin reaksiyalarına gəldikdə isə, hələlik əsasən bəyanatlarla kifayətlənildiyi müşahidə olunur. Praktik addımlar görünmür. İngiltərədən NATO qüvvələrinin bölgəyə yerləşdirilməsi ilə bağlı bəzi fikirlər səsləndirilsə də, mən Avropa dövlətlərinin ABŞ-yə qarşı real və sərt mövqe ortaya qoyacağını düşünmürəm.
ABŞ-yə qarşı sanksiyalar məsələsi də gündəmə gətirilir ki, bu, əslində, kifayət qədər gülünc görünür. Çünki Avropa iqtisadiyyatı, maliyyə sistemi və bank sektoru böyük ölçüdə ABŞ-la bağlıdır. Bu səbəbdən reaksiyalar hələlik yalnız bəyanatlar səviyyəsində qalır. Əgər ABŞ qəti addımlar atarsa belə, Avropa dövlətlərinin Amerikaya qarşı ciddi və real tədbirlər görəcəyini düşünmək çətindir. Bugünkü Avropanın təhlükəsizlik sistemi və hərbi təminatı ABŞ-dən ciddi şəkildə asılıdır. Belə bir şəraitdə Vaşinqtonla açıq qarşıdurmaya getmək Avropa üçün olduqca ağır və riskli nəticələr doğura bilər.
Lamiyə Cəbrayılova