Adını daşıyan insan, yoxsa insanı daşıyan ad- ARAŞDIRMA

"Ad sadəcə söz deyil, mənadır"

Ad yalnız bir söz deyil, insanın kimliyini, şəxsiyyətini və həyat yolunu daşıyan mənalı bir simvoldur. O, doğulduğumuz andan bizə verilən ilk "şəxsiyyət kartıdır", onunla dünyaya tanıdılırıq, onunla böyüyür və həyatımızın hər anında izini buraxır. Düşünürəm ki, hər bir adda bir hekayə, bir əhvalat, bir xatirə gizlənir. Ad və insan arasındakı bu qarşılıqlı əlaqə həyatın müxtəlif sahələrində görünür. Uşaq ilk dəfə öz adını eşitdiyi anda onu tanıyır, yaddaşında mənasını qavrayır və həyat boyunca həmin adın verdiyi təsirlə hərəkət edir. İnsan adını daşıyaraq şəxsiyyətini formalaşdırır, ad isə insana mənasını verir, onun həyatına istiqamət göstərir. Adı daşıyan insan və insanı daşıyan ad- bu, sadəcə söz oyunu deyil , hər bir insan üçün özünü tanıma, mənasını kəşf etmə yoludur. 
Maraqlıdır ki, ad seçimi ənənələri bir cəmiyyətin dil quruluşu, mədəni yaddaşı, mentaliteti və tarixi dəyərləri haqqında hansı mənəvi-mədəni məqamları üzə çıxarır? "Ad insanı daşıyır, yoxsa insan adı?" sualına dilçilik baxımından necə yanaşmaq olar, şəxsiyyət adın mənasını formalaşdırır, yoxsa zaman keçdikcə ad insanın kimliyi üzərindən yeni məna qazanır?Bu tipli suallara daha ətraflı cavab tapmaq üçün Filologiya elmləri doktoru Elçin İbrahimov Olaylar.az-a açıqlama verib:

"Dilçilik baxımından şəxs adları ilk növbədə onomastik vahidlərdir və onların əsas funksiyası identifikasiya - yəni fərdin cəmiyyətdə tanınmasını təmin etməkdir. Bu baxımdan ad zahirən sadəcə çağırış və işarə forması kimi görünə bilər. Lakin müasir dilçilik bu yanaşmanı kifayət hesab etmir. Çünki ad yalnız fonetik forma deyil, mənanı, dəyəri və mədəni yaddaşı daşıyan semiotik vahiddir.
 Struktural-semiotik baxımdan, xüsusilə Ferdinand de Sössürün işarə nəzəriyyəsinə əsasən, hər bir dil vahidi "ifadəedən" və "ifadəolunan" tərəflərin vəhdətindən ibarətdir. Şəxsi adlarda isə bu əlaqə xüsusi xarakter daşıyır: adın semantik yükü birbaşa real insana yönəlir və zamanla onun şəxsiyyəti, davranışı və sosial mövqeyi ilə qarşılıqlı təsirə girir. Bu mərhələdən sonra ad sadəcə neytral işarə deyil, kimlik göstəricisi kimi çıxış edir. Psixolinqvistika və sosial psixologiya sahəsində aparılan tədqiqatlar göstərir ki, insan öz adını şəxsi kimliyinin ayrılmaz hissəsi kimi qavrayır. Ad fərdin özünü təqdim etmə modelinə, özünüdərk prosesinə, sosial rol anlayışına hətta davranış və gözləntilərinə dolayı yolla təsir göstərə bilir. Bu təsir fatalistik xarakter daşımır; yəni ad insanın taleyini mexaniki şəkildə müəyyən etmir. Lakin adın daşıdığı semantik və emosional assosiasiyalar fərdin özünə münasibətində psixoloji fon yaradır. Qəhrəmanlıq, müdriklik, paklıq, güc kimi anlayışları ifadə edən adlar mədəni şüurda müsbət dəyərlərlə yüklənir və bu yüklənmə sosial ünsiyyətdə aktivləşir. Şəxsi adların etimologiyası və semantikası isə təkcə fərdi səviyyədə deyil, kollektiv yaddaş müstəvisində formalaşır. Türk xalqlarının advermə ənənəsində adlar çox zaman arzu və niyyəti (Uğur, Qələbə, Umay), sosial idealı (Alp, Bəy, Xaqan), mənəvi dəyərləri (Ədalət, Vicdan), tarixi yaddaşı və qəhrəmanlığı əks etdirir. Bu baxımdan adlar fərdin özünü təkcə fərdi varlıq kimi deyil, tarixi-mədəni zəncirin davamçısı kimi dərk etməsinə xidmət edir və dil vasitəsilə ötürülən mədəni kod rolunu oynayır.
 Bu nəzəri yanaşma Azərbaycan tarixində konkret və canlı nümunələr üzərində aydın şəkildə müşahidə olunur. Birinci Qarabağ Müharibəsi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun adı bu baxımdan xüsusi semantik yük daşıyır. "Koroğlu" adı türk dünyasında xalq qəhrəmanlığı, ədalət və zülmə qarşı mübarizə arxetipinin simvoludur. Folklor qəhrəmanı olan Koroğlunun adının real tarixi şəxsiyyət üzərində təcəssümü göstərir ki, ad burada təsadüfi seçim deyil, milli yaddaşla səsləşən semantik çərçivədir. Zaman keçdikcə bu ad həm epik, həm də real qəhrəmanlıq anlayışlarını eyni məna sahəsində birləşdirir.
 Eyni yanaşma Milli Qəhrəman Mübariz İbrahimovun adına da tətbiq edilə bilər. "Mübariz" sözü leksik-semantik baxımdan birbaşa mübarizə, mücadilə, igidlik mənasını ifadə edir. Bu adın daşıyıcısının real həyatda göstərdiyi şücaət nəticəsində ad öz ilkin lüğəvi mənasını aşaraq milli qəhrəmanlıq diskursunun rəmzinə çevrilmişdir. Burada artıq ad insanı deyil, insan adı yeni məna ilə doldurur. Oxşar semantik transformasiya Milli Qəhrəman general Polad Həşimovun adında da müşahidə olunur. "Polad" sözü türk dillərində möhkəmlik, güc və sınmazlıq anlamı daşıyır. General Polad Həşimovun şəxsiyyəti, əqidəsi və mövqeyi nəticəsində bu ad maddi keyfiyyətdən çıxaraq iradə, əqidə və mənəvi möhkəmlik simvoluna çevrilmişdir.
 Ad seçimi ənənələri ümumilikdə bir cəmiyyətin dil quruluşunu, estetik zövqünü, dini və mifoloji təsəvvürlərini, qürur məqamlarını aydın şəkildə üzə çıxarır. Müəyyən dövrlərdə milli liderlərin, tarixi hadisələrin və ideoloji anlayışların adlara çevrilməsi adın ictimai simvola çevrildiyini göstərir. Bu mənada adlar yalnız fərdi deyil, kollektiv kimliyin də daşıyıcısıdır.
 Müasir dövrdə qloballaşma və populyar mədəniyyətin təsiri ilə ad seçimi tendensiyalarında dəyişikliklər müşahidə olunsa da, bu, "mənalı ad" prinsipinin tam arxa plana keçməsi demək deyil. Sadəcə semantik yük transformasiya olunur: ənənəvi mənalar yerini fərdi mənalandırmaya, şəxsi hekayəyə və simvolik interpretasiyaya verir. Ad artıq yalnız lüğəvi deyil, bioqrafik məna qazanır.
 Nəticə etibarilə, "ad insanı daşıyır, yoxsa insan adı?" sualına dilçilik baxımından yanaşma ikili qarşıdurma deyil, dialektik münasibət üzərində qurulmalıdır. Başlanğıcda ad insana verilir və ona mədəni-semantik çərçivə təqdim edir. Zaman keçdikcə isə insan həmin adı öz həyatı, fəaliyyəti və tarixi mövqeyi ilə doldurur. Beləliklə, ad əvvəlcə insanı "daşıyır", lakin son nəticədə insan adı mənalandırır. Bu qarşılıqlı münasibət dil, mədəniyyət və milli yaddaşın ən canlı təzahürlərindən biridir".

Məsələnin psixoloji tərəfləri də vacibdir. Psixoloji baxımdan insanın adı onun özünüdərk prosesinə, şəxsiyyətin formalaşmasına və "mən-kimliyinə" necə təsir göstərir-insan adı mənalandırır, yoxsa insan adı zamanla mənalandırır? Mənasını bilmədən uşaqlara qoyulan adlar onların özünəinamına, kimlik hissinə və psixoloji inkişafına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı yaşam koçu, psixoloq Günel Əkbərova açıqlama verib:
"Siz çox maraqlı bir məsələyə toxunmusunuz. Necə ki, geyindiyimiz paltar gün ərzində bizim ovqatımızı, ruh halımızı göstərirsə, adımız da eyni şəkildə xarakterimizi əks etdirən bir "geyim" kimidir. Ona görə valideynlərin övladlarına ad qoyarkən çox diqqətli olması vacibdir. Bəzən deyirlər ki, filankəsin adını qoyduq. Amma çox yaxşı olardı ki, övladlara ad qoyarkən həmin ada xüsusi bir hekayə bağlı olsun. Adın mənası, onun yaranma səbəbi uşağa izah edildikdə, bu, onun özünü formalaşdırmasında, xarakterinin inkişafında böyük rol oynayır. Uşaq özünü daha dəyərli hiss edir.
Xüsusilə seçilmiş, mənası və hekayəsi olan ad uşağa müsbət təsir göstərir. Amma düşünülmədən qoyulan ad- "filankəsin adı idi, biz də qoyduq" kimi izah ediləndə, istər-istəməz uşağın şüurunda dəyərsizlik hissi formalaşa bilər. Həyatda insana verilən ilk dəyərli şey onun adıdır. Əgər bu da xüsusi yanaşma olmadan seçilərsə, psixoloji olaraq mənfi təsir göstərə bilər.
Ona görə çox istərdim ki, valideynlər ad seçərkən həqiqətən diqqətli və həssas olsunlar. Düşünürəm ki, XXI əsrdə bu problem əvvəlki dövrlərlə müqayisədə daha azdır, çünki valideynlər artıq daha çox araşdırma aparırlar, müxtəlif mənbələrə müraciət edə bilirlər və adları seçərkən diqqətli davranırlar. Amma əvvəlki illərdə bu problem xeyli yayğın idi. Xüsusən də vəfat etmiş insanların adını uşaqlara vermək psixoloji baxımdan o qədər də doğru qarşılanmır.  
Digər maraqlı məqam odur ki, indi ad dəyişmə kimi fərqli üsullar özünü göstərir. Xüsusən indiki dönəmdə ad dəyişmə proses çox yayılıb. Biz müəyyən bir dönəmi psixologiyada 0-6 yaş dönəmi adlandırırıq. Həmin dönəmdə xarakterimiz, dəyərlərimiz, şüuraltı inanclarımız - hər şey formalaşır. Yəni, ad həmin dönəmdə bizə təsir edə bilir, amma bir dönəm sonra artıq adın gücünü biz öz xarakterimizlə veririk. Xarakterimizə, dəyərlərimizə görə o ad bizim üçün mənalı olur. Bəzən olur ki, insanlar müəyyən bir yaş dönümünü keçdikdən sonra öz adlarını dəyişmək istəyirlər. Ad dəyişmə prosesi olur, yeni bir səhifə açmaq, sıfırdan başlamaq, əvvəlki xətaları bitirmək, yenidən doğuş kimi bir təcrübə ola bilir. Ad dəyişmə prosesi həyata keçirə bilmək, dəyişən insan üçün müsbət bir haldır. Şüuraltında sanki yeni bir kitab bağlanır, başqa bir kitab açılır kimi bir inanc formalaşır. Amma uşaqlarda ləqəblərin istifadə olunması çox da xoş qarşılanmır. Çünki bəzən dostlar tərəfindən kinayə, lağlağa qoyulmaq kimi hallar tez-tez baş verə bilər. Uşaqlıq dönəmində valideynlər ad seçərkən nəzərə almalıdırlar ki, ad asan səslənirmi, başqa mənaya gəlirmi və uşaqlar tərəfindən lağlağa edilə bilərmi? Ümumiyyətlə, uşaqlar üçün qısaldılmış adların az istifadə olunmaması psixoloji inkişaf baxımından daha sağlam və güclü olar". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31