ABŞ-də siyasi zəlzələ: Mərkəzi Bankın rəhbəri cinayət istintaqında

ABŞ siyasi və maliyyə dairələrində əsl şok dalğası yaşanır.

Musavat.com xəbər verir ki, ABŞ Mərkəzi Bankının (Federal Reserve - Fed) sədri Cerom Pauell barəsində cinayət istintaqı başladılıb.

Araşdırma Pauellin iyun ayında Konqresdə Fed-in Vaşinqtondakı baş qərargahında aparılan 2,5 milyard dollarlıq yenilənmə layihəsi ilə bağlı verdiyi ifadələrlə əlaqədardır. İstintaq orqanları bu çıxış zamanı Konqres üzvlərinə təqdim olunan məlumatların tam, dəqiq və şəffaf olub-olmadığını araşdırır.

Məsələnin bu mərhələyə çatması ABŞ-də təkcə maliyyə yox, siyasi fırtına da yaradıb. Çünki araşdırma Federal Rezervin son aylarda faiz dərəcələri ilə bağlı verdiyi qərarların Ağ Evdə narazılıq doğurduğu bir dövrə təsadüf edir. Xüsusilə, Donald Trampın Fed-in faiz siyasətinə açıq təzyiq çağırışlarından sonra istintaqın başlaması "siyasi qisas" iddialarını gücləndirib.

Cerom Pauell özü isə baş verənləri açıq şəkildə təzyiq kampaniyası kimi qiymətləndirib. Fed sədri bildirib ki, bu cinayət işi Federal Rezervin Prezidentin istəklərinə deyil, ictimai maraqlara və iqtisadi reallıqlara əsaslanan müstəqil qərarlar qəbul etməsinin nəticəsidir.

Analitiklər hesab edir ki, bu proses ABŞ tarixində mərkəzi bankın müstəqilliyi məsələsini yenidən sual altına qoyur və Vaşinqtonda maliyyə hakimiyyəti ilə siyasi hakimiyyət arasında açıq qarşıdurmanın yeni mərhələsindən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31