“Türkiyə vasitəçi yox, neytral platformadır” – Əli Mustafa – ÖZƏL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ardıcıl olaraq Rusiya lideri Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı apararaq Rusiya-Ukrayna müharibəsində sülh təşəbbüslərini müzakirə edib. Ərdoğan Putinin İstanbulda ön şərtsiz sülh danışıqlarının bərpası çağırışını alqışlayıb və atəşkəsin sülh üçün əlverişli mühit yaradacağını vurğulayıb.

Türkiyənin vasitəçilik səyləri sülh prosesini canlandıra bilərmi, yoxsa bu təşəbbüs də əvvəlkilər kimi nəticəsiz qalacaq?

"Putin belə bir təşəbbüslə çıxış edib ki, Ukrayna ilə ön şərtlər olmadan Türkiyədə, İstanbulda görüşməyə hazırdır. Türkiyə də öz növbəsində bildirib ki, belə bir görüş üçün açıq platforma və şərait yaratmağa hazırdır, bu təşəbbüsü alqışlayır və dəstəkləyir. Amma eyni zamanda Türkiyə tərəfinin vacib bir qeydi də var: o qeyd edib ki, atəşkəsin təmin olunması sülh danışıqları üçün daha əvvəlcədən şərait yaradacaq. Yəni, Putinin təklifində atəşkəs məsələsi birbaşa yer almır. O, yalnız sülh danışıqlarından bəhs edir. Lakin Zelenskinin, Trampın və eyni zamanda Prezident Ərdoğanın yanaşması ondan ibarətdir ki, bu prosesi aparmaq üçün əvvəlcə atəşkəsin əldə olunması daha önəmlidir. Yəni, atəşkəs şəraitində danışmaq, məsələləri aydınlaşdırmaq daha doğru və faydalı olardı. Əvvəlcə atəşkəs təmin olunsun, sonra oturub müzakirə etsinlər və məsələlər aydınlaşsın. Bu, Rusiyanın planlarına tam uyğun gəlmir. Amma artıq Rusiya belə bir təşəbbüslə çıxış edib və üstəlik 2022-ci ildə əldə olunmuş razılaşmalara da istinad edildiyi kimi görünür. Yəni, həmin razılaşmaların yenidən masa üzərinə qoyulması ehtimalı var".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa bildirib. O qeyd edib ki, Türkiyə bu prosesdə vasitəçi yox, neytral platforma rolunu oynayır və danışıqların uğurla nəticələnməsi isə Rusiya ilə Ukraynanın iradəsindən asılıdır:

"Burada vacib məqamlardan biri də ondan ibarətdir ki, Türkiyə bu prosesdə vasitəçi kimi çıxış etmir. Türkiyə sadəcə olaraq şərait yaradır, bir platforma təqdim edir. Yəni, həm Rusiya, həm də Ukraynanın qəbul etdiyi, görüşə razılıq verdiyi bir ölkə olaraq çıxış edir. Əlbəttə, bu, Türkiyə dövlətinin nüfuzuna və beynəlxalq aləmdəki əhəmiyyətinə də bir işarədir. Bu, vacib məsələdir. Amma yekun nəticə - danışıqların uğurla başa çatması və ya nəticəsiz qalması artıq tərəflərin - Rusiya və Ukraynanın iradəsindən asılıdır. Bu mərhələdə Türkiyənin rolu müzakirə mövzusu olmamalıdır. Çünki Türkiyə sadəcə olaraq şərait yaradır. O, danışıqlarda bilavasitə iştirak etməyəcək, sadəcə olaraq tərəflər üçün əlverişli bir platforma təqdim edir ki, buyursunlar, otursunlar, müzakirə etsinlər. Türkiyə artıq bu niyyətini də açıq şəkildə bəyan edib: "Buyurun gəlin, hər cür şərait yaradırıq. Oturun, danışın, özünüz anlaşın." Bu prosesin uğurla nəticələnməsi və ya nəticəsiz qalması artıq tərəflərin iradəsindən - Rusiyanın və Ukraynanın mövqeyindən asılıdır. Əgər razılaşa bilsələr, danışıqlar uğurla nəticələnə bilər. Əgər anlaşa bilməsələr, bu, növbəti bir uğursuz cəhd kimi tarixə düşəcək. Hər halda düşünürəm ki, bu təşəbbüsün müsbət nəticələnməsi hamı üçün daha yaxşı olardı. Nəhayət, bu qədər qırğın və müharibə bitməlidir".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31