İran Prezidenti: Prinsiplərdən geri çəkilməyəcəyik, amma gərginlik istəmirik – ÖZƏL
16:50 Dünyaİran Prezidenti Məsud Pezeşkian ABŞ ilə aparılan danışıqlarda ölkəsinin əsas prinsiplərindən geri çəkilməyəcəyini bildirib. O, eyni zamanda Tehranın gərginlik yaratmaq niyyətində olmadığını vurğulayıb.
Olaylar.az xəbər verir ki, bu fikirləri Prezident Pezeşkian çərşənbə axşamı Müstəqil Parlament üzvləri ilə görüşündə səsləndirib. O qeyd edib ki, ABŞ ilə dolayısı danışıqlar İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin tam razılığı və koordinasiyası ilə həyata keçirilir.
Müsqatda baş tutan sonuncu - dördüncü raundda İran nümayəndə heyətinə Xarici İşlər naziri Abbas Əraqçi, ABŞ heyətinə isə Prezidentin xüsusi elçisi Stiv Vitkof rəhbərlik edib. Oman vasitəçiliyi ilə aparılan danışıqların məhsuldar və irəliləyişli olduğu bildirilib.
Danışıqlarda əsas diqqət İranın nüvə proqramına və sanksiyaların ləğvi məqsədilə 2015-ci ildə imzalanmış, lakin sonradan ABŞ tərəfindən tərk edilmiş sazişin yenilənməsinə yönəlib. Prezident Pezeşkian bildirib ki, onun administrasiyası xalqın rifahını ABŞ ilə danışıqlardan asılı vəziyyətə salmayacaq.