“Nə İran, nə də qarşı tərəf öz mövqeyindən geri çəkilmir…”— ÖZƏL
13:10 SiyasətQətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman "The Washington Post"a verdiyi müsahibədə İran və ABŞ-a nüvə razılaşmasını tezliklə yekunlaşdırmağı tövsiyə edib.Nazir oktyabr ayını BMT Təhlükəsizlik Şurasında İranın nüvə proqramına dair vacib mərhələ kimi qiymətləndirib.
İranın nüvə proqramı ətrafında yenidən canlanan danışıqların bölgə sabitliyinə mümkün təsirləri nələr ola bilər?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib ki,
"İranın nüvə proqramı ilə bağlı danışıqlardan yeni bir nəticə gözləmək bu gün üçün qeyri-mümkün görünür. Çünki bu məsələ də dünyada baş verən əsas qlobal problemlər kimi təzadlı xarakter daşıyır. Buradakı təzad ondan ibarətdir ki, İran tərəfi nüvə texnologiyasından yalnız dinc məqsədlərlə istifadə etdiyini iddia edir və bu məqsədlə uranın zənginləşdirilməsindən imtina etməyəcəyini açıq şəkildə bəyan edir.Bunun qarşılığında isə İsrail, ABŞ və bəzi Qərb dövlətləri əks fikir irəli sürərək bildirirlər ki, İranın "dinc məqsədlər" adı altında əslində nüvə silahı əldə etməyə çalışdığı ehtimalı var. Beləliklə, tərəflər arasında ciddi fikir ayrılığı yaranır.İran rəsmi şəkildə bildirir ki, nüvə silahı istəmir və yalnız dinc məqsədlər üçün proqram həyata keçirir. Qarşı tərəf isə - yəni ABŞ, İsrail və bəzi Qərb dövlətləri hesab edirlər ki, İran bu bəyanatları ilə sadəcə nüvə silahı hazırlamaq niyyətini ört-basdır edir. Nəticədə, bu danışıqlarda tərəflər bir təzad nöqtəsində dayanmış vəziyyətdədir və danışıqlar faktiki olaraq yalnız formal şəkildə davam etdirilir.Nəticə etibarilə, danışıqlarda yeni irəliləyiş əldə olunmur. İran ona qarşı çıxan dövlətlərdən nüvə texnologiyasını dinc məqsədlərlə zənginləşdirmək hüququna qarşı çıxmamağı tələb edir. Adı çəkilən digər tərəflər isə əksinə, İranın ümumilikdə nüvə proqramını azaltmasını və uranın zənginləşdirilmə faizini aşağı salmasını əsas şərt kimi irəli sürürlər.
Belə olduğu halda isə nə İran, nə də qarşı tərəf öz mövqeyindən geri çəkilmir və danışıqlar nəticəsiz qalaraq dalana dirənmiş olur. Əslində, İranın nüvə texnologiyasından istifadəsi ilə bağlı qeyri-müəyyənliklər də bu prosesdə özünü büruzə verir. Məsələn, Qərb dövlətləri, ABŞ və İsrail İranın nüvə fəaliyyəti ilə məşğul olduğu bütün obyektlərdə rahat şəkildə yoxlama aparmaq və bu ərazilərdə maneəsiz hərəkət etmək hüququ istəyirlər.
Lakin İran bu cür yoxlamalara bir çox hallarda icazə verməkdən imtina edir. Bu isə şübhələri daha da artırır. Belə ki, əgər İran doğrudan da yalnız dinc məqsədlər üçün nüvə proqramını həyata keçirirsə, onda proseslər niyə qapalı şəkildə və gizli aparılır?
Bütün bu amillər bir araya gəldikdə, danışıqlar prosesini həm ləngidir, həm də ümumiyyətlə bu prosesi dalana salır. Sabitləşmə isə yalnız bir halda mümkündür: tərəflər ortaq məxrəcə gəlib razılığa varmalıdırlar və danışıqlar məntiqi bir sonluqla nəticələnməlidir.
Əgər bu məntiqi sonluq əldə olunmasa və razılaşma baş tutmasa, onda sabitlikdən danışmaq mümkün deyil. Bu halda danışıqlar formal şəkildə davam edəcək və bu məsələ ətrafında yaranmış gərginlik isə regionda daim aktual olaraq qalacaq".