“Rusiya Azərbaycana izahat verməyə borcludur” – Əli Mustafa – ÖZƏL

Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub. Məlumata görə, Rusiya tərəfi bu qərarı guya, deputatın "anti-Rusiya və rusofob xarakterli fikirlər" səsləndirməsi ilə əsaslandırıb.

Azər Badamovun Moskva hava limanında saxlanılması və səbəb kimi 'anti-Rusiya fikirləri'nin göstərilməsi regionda siyasi münasibətlərin xarakteri baxımından nəyi göstərir? Bu addım Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa Olaylar.az-a danışıb. O qeyd edib ki, Azərbaycan deputatlarının Rusiyaya buraxılmaması bu ölkədə hələ də fərqli güc mərkəzlərinin mövcud olduğunu və Moskvanın Bakı ilə münasibətlərdə qeyri-birmənalı siqnallar verdiyini göstərir:

"Son günlər Azərbaycan-Rusiya münasibətlərində fərqli siqnallar müşahidə edirik. Rusiya bir tərəfdən Azərbaycanın 9 May paradında iştirak edir, digər tərəfdən isə Azərbaycan deputatlarının Rusiya səfəri ləğv olunur və onlar geri qaytarılır. Bu, onu deməyə əsas verir ki, Rusiyada hələ də fərqli güc mərkəzləri mövcuddur və bu mərkəzlər fərqli qərarlar verirlər. Eyni zamanda, keçmiş postsovet məkanındakı ictimai-siyasi proseslərə, o cümlədən Rusiyaya münasibət məsələlərinə Rusiya tərəfi həssas yanaşır və bu prosesləri diqqətlə izləyir. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında da bu addım qeyri-dost yanaşma kimi dəyərləndirilib. Rusiya tərəfi bu məsələyə aydınlıq gətirməyə çalışsa da, ümumilikdə bu, xoş bir yanaşma deyil. Xüsusilə də, həmin deputatın daha əvvəl Rusiyada olması faktı var, lakin bu dəfə onun Moskvaya girişinə icazə verilməyib".

Siyasi şərhçi vurğulayıb ki, Deputatın Rusiyaya buraxılmaması fonunda Moskva bu addımın səbəblərinə dair Bakıya izahat verməli və dost münasibətlərə zərbə vurmamaq üçün yanaşmasına korrektə etməlidir.

"Burada ciddi məqamlar mövcuddur. Məncə, məsələ hələ tam aydın deyil. Əgər Rusiya Azərbaycanla dost münasibətləri davam etdirmək istəyirsə, bu cür hallara münasibətində müəyyən korrektələr etməlidir. Ümumiyyətlə, hansısa tənqidi fikirlərə görə şəxslərin, xüsusilə deputat statusuna malik bir şəxsin ölkəyə buraxılmaması diplomatik baxımdan doğru yanaşma deyil. Rusiya tərəfi bu məsələyə aydınlıq gətirməli, Azərbaycan isə bu davranışların səbəblərini öyrənmək hüququnu özündə saxlamalıdır. Bütün hallarda Rusiya tərəfi Azərbaycana izahat verməyə borcludur".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31