Ulu Öndər Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi- ÖZƏL

"1991-ci ildə yenidən bərpa olunan müstəqillik ilk mərhələdə formal xarakter daşıyırdı, çünki ölkədə real siyasi və iqtisadi idarəetmə mexanizmləri iflic vəziyyətinə düşmüşdü. Dövlət institutları zəifləmiş, milli ordu formalaşmamış, siyasi hakimiyyətin legitimliyi isə xalq tərəfindən qəbul olunmurdu. Xarici siyasətdə ardıcıl və aydın xətt mövcud deyildi, ölkə beynəlxalq arenada demək olar ki, təcrid vəziyyətində idi. Belə bir xaos və anarxiya şəraitində Azərbaycanın mövcudluğu sual altına düşmüş, müstəqillik ideyaları reallaşmaq əvəzinə tənəzzülə uğramağa başlamışdı". "Olaylar" xəbər verir ki, bunu YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib: "Məhz belə bir böhranlı və çıxılmaz şəraitdə Azərbaycan xalqı tarixə mühüm istiqamət verən qərar qəbul edərək ümummilli lider Heydər Əliyevi siyasi rəhbərliyə dəvət etdi. Xalqın təkidli tələbi və çağırışı ilə 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya qayıdan ulu öndər Heydər Əliyev ölkə rəhbərliyini üzərinə götürərək dövlətçiliyin xilaskarı rolunu oynadı. Onun siyasi uzaqgörənliyi, idarəçilik təcrübəsi və qətiyyətli qərarları sayəsində Azərbaycanda vətəndaş qarşıdurmalarının qarşısı alındı, konstitusion quruluş bərpa edildi, dövlət institutlarının fəaliyyəti canlandırıldı və sabitlik təmin olundu. Ən mühüm məsələlərdən biri də odur ki, Heydər Əliyev ölkədə milli həmrəyliyin və hüquqi dövlət quruculuğunun əsaslarını formalaşdıraraq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi.

Ulu öndər qısa müddət ərzində həm daxili idarəetmə sahəsində sabitlik yaratdı, həm də xarici siyasətdə balanslı və praqmatik kurs müəyyənləşdirdi. Azərbaycan beynəlxalq təcriddən çıxaraq dünya dövlətləri və nüfuzlu təşkilatlarla əməkdaşlıq etməyə başladı. Bir tərəfdən Ermənistanın işğalçı siyasətinə qarşı beynəlxalq hüquq normalarına əsaslanan mövqe sərgiləndi, digər tərəfdən isə xarici sərmayələrin cəlb olunması ilə neft strategiyası əsasında iqtisadi inkişafın təməlləri qoyuldu. Ulu öndərin rəhbərliyi ilə ölkəmiz təkcə regional deyil, həm də qlobal miqyasda sabit və etibarlı tərəfdaş kimi tanınmağa başladı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31