Netanyahunun Bakıya səfərinin təxirə salınması: Əsas səbəb nədir? – ÖZƏL
10:21 Siyasət"İsrail Baş naziri Benyamin Netanyahunun Bakıya səfərinin baş tutmaması ilə bağlı səbəblər İsrail mediasında müzakirə olunur. Mediada bildirilir ki, bu qərarın əsas səbəbi Türkiyənin İsrailə məxsus dövlət təyyarəsi "Wing of Zion"un öz hava məkanından keçməsinə icazə verməməsidir. Lakin bu yanaşma müəyyən qədər yanlışdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Onun fikrincə, Netanyahunun Bakıya səfərinin təxirə salınmasını yalnız Türkiyənin hava məkanını bağlaması ilə əlaqələndirmək düzgün deyil, çünki alternativ marşrutlar mövcuddur və Türkiyənin bu addımı da Qəzzada baş verən hadisələrə qarşı prinsipial mövqeyindən irəli gəlir:
"İsrailin Azərbaycan istiqamətində istifadə edə biləcəyi alternativ hava yolları da mövcuddur. İsrailin hava marşrutları təkcə Türkiyə ilə məhdudlaşmır. Məsələn, təyyarə Gürcüstan üzərindən və ya digər yaxın region ölkələrinin hava məkanından keçərək Azərbaycana gələ bilərdi. Bu baxımdan, səfərin təxirə salınmasını yalnız Türkiyənin hava məkanı ilə əlaqələndirmək əsaslı görünmür. Digər tərəfdən, Türkiyənin hava məkanını bağlaması səbəbsiz deyil. Türkiyə uzun müddətdir ki, Qəzzada baş verən hadisələrə, xüsusilə də İsrailin hərbi əməliyyatlarına qarşı sərt mövqe nümayiş etdirir və bu əməliyyatları soyqırımı kimi qiymətləndirir. Türkiyənin bu mövqeyi onun İsrailə qarşı atdığı addımları izah edir və bu siyasət anlayışla qarşılanmalıdır".
Siyasi şərhçi qeyd edib ki, Netanyahunun Bakıya səfərinin baş tutmaması, bölgədəki müharibə şəraiti, İsrailə qarşı beynəlxalq narazılıq və onun siyasi fiqur kimi artan təcrid vəziyyəti fonunda daha geniş səbəblərlə izah oluna bilər.
"Azərbaycanla Türkiyə arasındakı münasibətlərə gəlincə, bu məsələ iki ölkə arasında heç bir gərginlik yaratmır. Azərbaycan dəfələrlə bəyan edib ki, İsrail-Fələstin münaqişəsinə son verilməli və Fələstin dövlətinin yaradılması vacibdir. Azərbaycan, eyni zamanda, bölgədə baş verən insanlıq əleyhinə cinayətləri, o cümlədən Qəzzadakı soyqırımı qınayıb. Netanyahunun Bakıya planlaşdırılan səfəri İsrail-Azərbaycan münasibətlərinin genişlənməsi, yeni müqavilələrin imzalanması və strateji əməkdaşlığın inkişafı baxımından önəmli ola bilərdi. Lakin onun müharibə gedən bir ölkənin baş naziri kimi başqa bir ölkədə bir neçə gün qalması özü də müəyyən suallar doğurur. İsrail hal-hazırda hərbi və siyasi təzyiqlərlə üz-üzədir. Belə bir şəraitdə Netanyahunun bir neçə günlüyə ölkədən kənarda qalması yerində addım kimi görünməyə bilərdi. Əgər səfər baş tutsaydı, bu, Türkiyə-İsrail münasibətlərində müəyyən yumşalma tendensiyasına səbəb ola bilərdi. Keçmişdə Azərbaycan bu iki ölkə arasında münasibətlərin normallaşmasında vasitəçi kimi çıxış etmişdi. Lakin Qəzzada hazırda davam edən müharibə fonunda İsrailin atdığı bəzi addımlar bu münasibətləri yenidən gərginləşdirib. İsrailin bölgədə genişlənmə planları, limanların ələ keçirilməsi və ABŞ-nin dəstəyi ilə Qəzzada hərbi bazaların yaradılması istiqamətindəki səyləri əlavə narahatlıq doğurur. Bu kontekstdə Fələstin dövlətinin tezliklə yaradılması və onun beynəlxalq səviyyədə tanınması vacibdir. Netanyahunun Bakıya gəlməməsinin səbəblərini yalnız Türkiyənin hava məkanı ilə məhdudlaşdırmaq düzgün olmaz. Burada həm İsrail daxilində, həm də beynəlxalq arenada baş nazirlə bağlı yaranmış narazılıqlar və diplomatik təcrid də mühüm rol oynayır. Artıq bəzi Avropa ölkələri Netanyahunu qəbul etməkdən çəkinir və onu faşist siyasətçi kimi görür".
R. Məmmədova sonda bildirib ki, İsrailin Azərbaycanla münasibətləri bir sıra dairələr tərəfindən birmənalı qarşılanmır. Bu əlaqələrin inkişafı həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan müxtəlif tərəflərdən təzyiqlərə məruz qalır. Nəticədə, Netanyahunun Bakıya səfərinin təxirə salınması daha geniş kontekstdə qiymətləndirilməlidir və bu qərarın arxasında yalnız bir deyil, bir neçə səbəb dayanır.
Səidə Ramazanova