Çin-Azərbaycan münasibətləri liderlərin strateji rəhbərliyi sayəsində tarixin ən yüksək səviyyəsinə çatıb - Səfir

Məhz dövlət başçılarının strateji rəhbərliyi sayəsində Çin-Azərbaycan münasibətləri ardıcıl olaraq yeni səviyyəyə yüksələrək tarixin ən yüksək mərhələsinə çatıb, böyük və kiçik dövlətlər arasında bərabərhüquqlu rəftar və dostluq əməkdaşlığı nümunəsinə çevrilib.

Bunu bu gün Çin Xalq Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey Bakıda keçirdiyi brifinqdə deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə aprelin 22-24-də Çinə səfəri ikitərəfli münasibətlərdə yeni səhifə açan mühüm tarixi hadisə idi", - o bildirib.

Lu Mey vurğulayıb ki, dövlət başçılarının diplomatiyası Çin-Azərbaycan əlaqələrinin daha da inkişafı üçün "kompas və bələdçi ulduz" rolunu oynayır. Səfir həmçinin qeyd edib ki, iki lider arasında möhkəm işgüzar münasibətlər və şəxsi dostluq münasibətləri yaranıb və bu, iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.

O, belə əlamətdar məqamda Azərbaycanda diplomatik fəaliyyətə başlamasından qürur duyduğunu, Çin ilə Azərbaycan arasında əlaqələrin qarşılıqlı hörmət və dəstək əsasında bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31