“Azərbaycan qlobal dialoq və əməkdaşlıq platformasına çevrilir” – Əli Mustafa – ÖZƏL

Bu gün Bakıda 116 ölkədən QHT rəhbərlərinin iştirakı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransı keçirilib. Azərbaycan Milli QHT Forumunun təşəbbüsü və COP29 çərçivəsində təşkil olunan tədbir qlobal miqyasda geniş dəstək qazanıb. Platforma yoxsulluq, iqlim dəyişiklikləri və rəqəmsal uçurum kimi problemlərlə mübarizədə birgə fəaliyyəti təşviq edəcək. İki gün davam edəcək konfransda "Bandunq prinsipləri"nin əhəmiyyətinə də xüsusi diqqət yetiriləcək.

"Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edən bir ölkədir və bu sahədə artıq kifayət qədər təcrübəyə malikdir. Əlbəttə, bu, müsbət haldır. Əvvəla, biz coğrafi baxımdan Qərb və Şərqin kəsişdiyi bir məkanda yerləşirik. Eyni zamanda, siyasi və iqtisadi baxımdan həm Avropa, həm Asiya, həm də qlobal Cənub və qlobal Şimal ilə əməkdaşlıq edirik".

Bu sözləri siyasi şərhçi Əli Mustafa Olaylar.az-a açıqlamasında deyib:

"Belə bir təşəbbüsün Azərbaycanda reallaşması təqdirəlayiqdir. Çünki bu, həm ölkənin tanınmasına, həm də nüfuzunun artmasına müsbət təsir edir. Açığı, belə deyək, bu gün qlobal gərginliklərin artdığı, müxtəlif güc mərkəzlərinin qarşıdurduğu bir zamanda, Azərbaycan kimi ölkənin barış platforması rolunu oynaması və uzlaşmaya xidmət edən tədbirlər keçirməsi çox müsbət bir haldır və yaxşı bir nümunədir. Çünki bütün hallarda, istəsək də, istəməsək də, dünyada qlobal proseslər baş verir, yeni dünya nizamının qurulması istiqamətində meyillər və hərəkətlənmələr müşahidə olunur. Belə bir dövrdə Azərbaycan öz səyləri ilə körpü rolunu oynayır, dünyanın uyum və uzlaşma içində qalmasına töhfə verir".

Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın qlobal dialoq və əməkdaşlıq platformasına çevrilməsi onun Cənubi Qafqazda və yeni dünya düzənində artan rolunu təsdiqləyir.

"Əlbəttə, bu cəhdlər bizim Cənubi Qafqazdakı problemlərimizin həllinə də müsbət təsir göstərir. Uzun illər ərzində Ermənistanı dəstəkləyən bir çox güc mərkəzləri artıq Azərbaycanın mövcud reallığını, artan nüfuzunu və həyata keçirdiyi xeyirxah təşəbbüsləri görməzdən gələ bilmir. Bütün bunlar, məncə, çox müsbət bir haldır və göstərir ki, yeni dünya düzənində Azərbaycanın da ciddi rolu formalaşır. Hər halda, barış müharibədən daha yaxşıdır.
İnsanlığın bir araya gətirilməsi, xüsusilə qlobal problemlərin - hamının narahat olduğu məsələlərin bu gün məhz Azərbaycan platformasında müzakirə olunması, bu istiqamətdə fəaliyyət göstərən müxtəlif qurumların bir araya gətirilməsi, əlbəttə ki, müsbət və təqdirəlayiq bir hadisədir".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31