Dilimizin saflığını qorumaq milli borcumuzdur- ÖZƏL

"Millətimizin sərvəti, varlığının göstəricisi, qürur mənbəyimiz olan ana dilimizin saflığının qorunması indiki şəraitdə hamımızın, xüsusən ziyalıların borcudur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib: "Ulu öndər Heydər Əliyevin sistemdən, ideologiyadan asılı olmayaraq, həm sovet dövründə, həm də müstəqillik illərində ana dilimizin saflığının qorunması yolundakı fəaliyyətləri bir örnəkdir. Azərbaycan Yazıçılar İttifaqının 1981-ci il iyunun 7-də keçirilən VII qurultayındakı nitqində Azərbaycan KP KM-nın Birinci katibi, Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd Heydər Əliyevin aşağıdakı fikirləri millətimiz və dövlətimiz mövcud olduqca həmişə aktual olacaqdır: "Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir... 
   Azərbaycan dili görünməmiş zirvələrə qalxmış, müasir poeziyanın və nəsrin, elm və texnikanın, kargüzarlığın və fəal ictimai-siyasi həyatın hərtərəfli inkişaf dilinə çevrilmişdir. Biz tam inamla deyə bilərik ki, çoxəsrlik tariximizdə Azərbaycan dili heç vaxt belə zəngin, nüfuzlu və hörmətli olmamışdır. Lakin mədəniyyət və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə dilin təkmilləşməsinə, inkişaf etməsinə və zənginləşməsinə, onun söz ehtiyatının genişlənməsinə daha çox qayğı göstərmək lazımdır... 
    Azərbaycan ədəbi dilinin saflığına, kütlələrin nitq mədəniyyətinə daim qayğı göstərilməlidir. Dilimizin dialekt ifadələrlə zibillənməsinə yol vermək olmaz. Yazılı dilin, nitq mədəniyyətinin ədəbi normasının qanunvericisi olmalıdır. Təəssüf elə yazıçılar var ki, bu tələblər səviyyəsində dura bilmirlər. Üstəlik ayrı-ayrı yazıçılar təkcə danışıqlarında yox, həm də əsərlərində dil xətalarına yol verirlər." 
    Dilimizin saflığının qorunmasının düsturu, yol göstəricisi olan bu sözlərin yazılaraq hər bir qəzetin, saytın redaksiyasının, yaradıcı birliklərin, universitetlərin, məktəblərin divarlarında asılması faydalı olmazdımı? Dilimizin saflığını qorumaq milli borcumuzdur!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31