Azərbaycan–Çin münasibətləri dərinləşir– ÖZƏL
23 Aprel 2025 10:32 Siyasət"Azərbaycan-Çin əlaqələri, 1992-ci ildən bu günə qədər dinamik şəkildə inkişaf edən münasibətlər olmuşdur. İki ölkə arasında siyasi, iqtisadi, humanitar, nəqliyyat və enerji sahələrində əməkdaşlıq ildən-ilə daha da artır".
Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Azərbaycan üçün Çin strateji dəyər kəsb edən ölkələrdən biridir. Çin tərəfindən irəli sürülmüş "Bir Kəmər, Bir Yol" təşəbbüsü Azərbaycanın maraqları ilə üst-üstə düşür və bu layihə Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Çin də Azərbaycanın bu layihədə iştirakına xüsusi önəm verir.
Prezident İlham Əliyev Çinin "Sinxua" agentliyinə verdiyi müsahibəsində qeyd etdi ki, "Bir Kəmər, Bir Yol" təşəbbüsünü dəstəkləyən əsas ölkələrdən biri Azərbaycandır. Çinlə yanaşı, bu layihəyə ən çox sərmayə qoyan ikinci ölkə də Azərbaycandır.
Azərbaycan Orta Dəhlizə böyük əhəmiyyət verir və bu dəhlizin vacib komponentlərindən biridir. Bu dəhliz Avropadan Çinə və Çindən Avropaya mal daşımalarında geostrateji əhəmiyyətə malikdir. Həmçinin bu yol Azərbaycandan keçdiyi üçün, ölkənin tranzit imkanlarına olan tələbat artır və Azərbaycan da bu istiqamətdə nəqliyyat infrastrukturunu genişləndirməkdə davam edir.
Bunun üçün kommunikasiya xətlərinin yükdaşıma qabiliyyətini artırmaq məqsədilə əlavə sərmayələr ayrılmış, yeni yollar və kommunikasiya xətləri tikilmişdir. Bu da Azərbaycanın Orta Dəhlizə və "Bir Kəmər, Bir Yol" layihəsinə verdiyi önəmin göstəricisidir.
Azərbaycan Prezidenti 2019-cu ildə Çində keçirilmiş İkinci "Bir Kəmər, Bir Yol" Forumunda iştirak edərək bu layihənin ölkəmiz üçün əhəmiyyətindən geniş şəkildə bəhs etmişdi. Ölkə başçısının Çinə olan səfərləri - 2014, 2015, 2019-cu illərdə və son dövrlərdə - habelə Çin rəsmilərinin Azərbaycana tez-tez etdikləri səfərlər, ölkələrarası əlaqələrə müsbət təsir edən amillər sırasındadır.
Bildiyiniz kimi, Çin bu gün ABŞ-la yaşadığı ticarət müharibəsi fonunda nisbətən mürəkkəb geosiyasi sınaqlarla üz-üzədir. Belə bir şəraitdə Çin üçün xarici siyasətdə diversifikasiya vacib məsələdir. Bu baxımdan Orta Asiya, Qafqaz və Avropa bazarları Çin üçün böyük əhəmiyyət daşıyır. Bu səbəbdən Çinin Azərbaycana verdiyi dəyər və əməkdaşlığı daha da genişləndirmək istəyi tamamilə anlaşılandır.
Yaxın günlərdə Azərbaycan-Çin Hökumətlərarası Birgə Komissiyasının 10-cu iclası baş tutdu və orada iki ölkə arasında vizasız rejimin tətbiqi məsələsi də müzakirə olundu. Bu, bir daha hər iki ölkənin əməkdaşlığa verdiyi dəyərin göstəricisidir. Düşünürəm ki, gələcək illərdə bu əməkdaşlıq ticarət-iqtisadi, humanitar, mədəni, elmi və digər sahələrdə - o cümlədən enerji, rəqəmsal ticarət sahələrində - daha da inkişaf edəcək.
Qeyd etmək lazımdır ki, Azərbaycan-Çin münasibətlərində ən önəmli məqamlardan biri də 2024-cü ildə Astanada Prezident İlham Əliyev ilə Çin Kommunist Partiyasının rəhbəri Si Cinpin arasında imzalanmış strateji tərəfdaşlıq bəyannaməsidir. Bu bəyannamə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə dərinləşməsini nəzərdə tutur və Azərbaycan-Çin münasibətlərində yeni bir mərhələnin başlandığını göstərir.
Bugünkü səfər də onu göstərir ki, hər iki ölkə imzaladıqları öhdəliklərə sadiqdirlər və bu əməkdaşlığı daha da irəli aparmaq üçün yeni layihələrin həyata keçirilməsində qərarlıdırlar".
Zeynəb Rzayeva