“Səfər iki ölkə arasında strateji əməkdaşlığı dərinləşdirəcək” – Əli Zülfüqaroğlu – ÖZƏL

Azərbaycan prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına planlaşdırılan  dövlət səfəri iki ölkə arasında hansı strateji və iqtisadi əməkdaşlıqların dərinləşməsinə yol aça bilər? Bu səfər regionda Azərbaycanın mövqeyinə necə təsir göstərə bilər?

"Çin dünyanın ən güclü ölkələrindən biridir. Onun kifayət qədər iqtisadi potensialı və geosiyasi əhəmiyyəti var. Baş verən qlobal geosiyasi böhranlar fonunda Çinin rolu və əhəmiyyəti daha da artır. Əlbəttə, Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin inkişafı təkcə Azərbaycanın deyil, eyni zamanda Çinin də maraqlarına tamamilə uyğundur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib:

"İki ölkə arasında artıq formalaşmış iqtisadi münasibətlər mövcuddur və bu əlaqələr getdikcə daha da inkişaf edir. Xüsusilə də nəqliyyat dəhlizləri sahəsində Çinin müəyyən layihələrinin həyata keçirilməsi perspektivi mövcuddur. Bildiyimiz kimi, bu günədək "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Azərbaycan və Çin arasında əməkdaşlıq davam edir. Bu təşəbbüs bir çox ölkəni əhatə edir və regional əməkdaşlığa yeni imkanlar yaradır. Bu baxımdan, Azərbaycan-Çin münasibətlərinin inkişafı yalnız iqtisadi deyil, həm də siyasi və strateji baxımdan əhəmiyyət kəsb edir. Bu kontekstdə dövlət başçısının Çinə səfəri xüsusi önəm daşıyır".

Siyasi şərhçinin sözlərinə görə, sözügedən səfər, Çin-Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlanğıcı olacaq. Dövlət başçısının bu səfəri olduqca ciddi əhəmiyyət daşıyır və iki ölkə arasındakı əlaqələrin daha da dərinləşməsinə təkan verəcək.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31