Çin Azərbaycanın tərəfdaşı deyil, strateji yol yoldaşıdır- ÖZƏL
22 Aprel 2025 10:37 SiyasətAzərbaycan Respublikasının siyasəti çox açıq və şəffaf bir siyasətdir. Digər tərəfdən isə çevik mexanizmlərlə tənzimlənən yanaşmalar mövcuddur. Bir neçə vacib strateji tərəfdaşımız var və onların sırasında Çin Xalq Respublikası öncül yerlərdən birini tutur".
Bu fikirləri politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq qeyd edib ki, Çin Azərbaycanın tərəfdaşı deyil, strateji yol yoldaşıdır:
"Xatırlayırsınızsa, təqribən iki il əvvəl Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşü zamanı Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında ətraflı söhbət və görüşlər oldu. Daha sonra tərəflər geniş tərkibdə görüşdülər və həmin görüşdə strateji tərəfdaşlığı müəyyən edən, bu əlaqələri tənzimləyəcək sənədlər imzalandı. Çin və Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq mövcuddur. Bu sahələrə enerji, logistika, nəqliyyat, kənd təsərrüfatı və digərləri daxildir. Elə bir sahə yoxdur ki, biz orada bir-birimizlə sıx əlaqələr qurmağa təməl yaratmamış olaq. Hazırda bu strateji istiqamətlərin bir çoxunda hələlik ilkin mərhələdəyik. Bu isə onu göstərir ki, tərəflər tam hazırlıq içindədir və geniş spektrli münasibətlərdən fayda və töhfələr əldə etmək niyyətindədirlər. Çin Azərbaycan üçün ona görə də vacib ölkədir ki, bu dövlət dünyada əsas güc mərkəzlərindən biridir. Çinin böyük iqtisadi potensialı var və bu potensial getdikcə artır. Bu baxımdan, Çinin Avrasiya məkanında, o cümlədən Afrika və Avropa bazarlarında mövcud imkanları sürətlə genişlənir. Onun müxtəlif çeşidli mallarına böyük ehtiyac duyulur. Bir çox ölkələr, o cümlədən Avropa İttifaqına daxil olan dövlətlər Çinlə sıx əlaqələr saxlayır, bu ölkədən böyük gözləntiləri var və ticarət əlaqələrinin həcmini ildən-ilə artırırlar. Çin Azərbaycana da eyni gözləntilərlə yanaşır. Bu isə, ilk növbədə, Azərbaycanın çevik siyasəti ilə bağlıdır. Azərbaycan nəqliyyat-logistika sahəsində bütün ölkələr, o cümlədən Çin Xalq Respublikası üçün geniş imkanlar yaradır. Nisbətən kiçik dövlət olsaq da, artıq orta gücə çevrilirik. Ölkəmizin ərazisindən vacib nəqliyyat-kommunikasiya arteriyaları keçir. Bu arteriyaların birləşmə nöqtələri də məhz bizim bölgədə və ölkəmizin ərazisində yerləşir. Şərq-Qərb, Şimal-Cənub, eləcə də Şimal-Qərb, Cənub-Qərb-Cənub-Şərq istiqamətləri üzrə şaxələnmiş dəhlizlər mövcuddur. Bu baxımdan Çin, Hindistan və İran kimi ölkələr Azərbaycanın vacib rolunu nəzərə alaraq, bizim imkanlarımızdan yararlanmağa çalışırlar. Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu xəttini çəkərkən Asiya və Avropa arasında yeni bir dəhliz formalaşdırdı. Bu, çox vacib bir arteriyadır və Çinin milyon tonlarla malı bu xətt vasitəsilə daşınır. Zəngəzur dəhlizinə gəldikdə isə Çin yenə də Azərbaycanın tərəfindədir və ölkəmizin mövqeyini dəstəkləyir. Çünki bu dəhlizin açılması böyük istehsalçılar və ixracatçılar üçün də sərfəlidir. Onlar bu yolla yüklərini, mallarını və çeşidlərini müxtəlif beynəlxalq bazarlara maniyəsiz çıxara biləcəklər.
Dünyada hazırda dəhlizlər, keçidlər və strateji marşrutlar uğrunda ciddi rəqabət gedir. Bu isə onu göstərir ki, bir tərəfdən dünya miqyasında böyük canlanma yaşanır, digər tərəfdən isə yeni iqtisadi-ticarət nizamı formalaşmaqdadır. İqtisadi və ticarət əlaqələrinin artımına mane olmamaq, əksinə, onları stimullaşdırmaq üçün yaşıl işıqlı dəhlizlər və keçidlər önəm kəsb edir.
Azərbaycan bütün tərəfdaşlarına, o cümlədən Çin Xalq Respublikasına yeni imkanlar təqdim edir. Bizim münasibətlərimiz 1994-cü illərdə Heydər Əliyevin Çin Xalq Respublikasına səfəri ilə başlayıb. Həmin vaxt Çinin rəhbəri Tszyan Tzemin idi və tərəflər ticarət dövriyyəsinin artırılması, qarşılıqlı tanınma və imkanların paylaşılması barədə danışıqlar apardılar. Daha sonra Prezident İlham Əliyev dəfələrlə Çin Xalq Respublikasına səfərlər edib. "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində də Çinin Azərbaycanla bağlı böyük ümidləri var. Azərbaycan Asiya məkanında çevik oyunçu kimi öz nüfuzunu təsdiqləyib. Bizim strateji tərəfdaşlığımızın təməlində bir sıra oxşar baxışlar dayanır. Məsələn, ərazi bütövlüyünün qeyd-şərtsiz tanınması hər iki dövlət tərəfindən qarşılıqlı olaraq bəyan edilir. Eyni zamanda inteqrasiya məsələlərinə də tərəflər tam hazırlıqla yanaşır. İkitərəfli və çoxtərəfli formatlarda, o cümlədən BMT və Şanxay Əməkdaşlıq Təşkilatı kimi platformalarda bir-birimizi dəstəkləyirik. Gözləntilərimiz ondan ibarətdir ki, Prezidentin yeni dövlət səfəri nəticəsində həm yeni sənədlər imzalanacaq, həm də tərəflər qarşılıqlı imkanlar barədə daha dolğun məlumat mübadiləsi aparacaqlar. Beləliklə, münasibətlərimizdə yüksək dinamika təmin olunacaq".
Zeynəb Mustafazadə