Elçin Xalidbəyli: İran üçün Azərbaycanla əməkdaşlıq strateji zərurətə çevrilib – ÖZƏL
21 Aprel 15:07 Siyasətİran Prezidenti Məsud Pezeşkianın bu həftə Azərbaycana səfəri planlaşdırılır. Səfər çərçivəsində İran-Azərbaycan əlaqələrinin genişləndirilməsi fonunda görüşlər nəzərdə tutulub.
Maraqlıdır, İran Prezidentinin Azərbaycana planlaşdırılan səfəri iki ölkə arasındakı münasibətlərin gələcək istiqamətinə necə təsir göstərə bilər və bu səfərdən sonra regional əməkdaşlıq sahəsində hansı yeni təşəbbüslərin ortaya çıxması gözlənilir?
"Azərbaycan-İran münasibətlərinin inkişaf etməsi Cənubi Qafqaz üçün də böyük əhəmiyyət daşıyır. Eyni zamanda, hər iki ölkənin maraqlarının təmin olunması və inkişaf perspektivlərinin ifadə olunması baxımından Azərbaycan-İran münasibətləri olduqca vacib faktorlardan biridir. Azərbaycan və İran qonşu dövlətlər olaraq normal və sabit münasibətlər qurmağa daha çox üstünlük verməlidirlər".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. O qeyd edib ki, İran Ermənistanın etibarsız tərəfdaş olduğunu anlayaraq Azərbaycanla münasibətləri düzəltməyə çalışır:
"Son illərə qədər hər iki ölkənin, daha doğrusu İranın Azərbaycana münasibətində müəyyən problemlər mövcud idi. İran daha çox Ermənistana üstünlük verir, onu dəstəkləyirdi. Ancaq son vaxtlar böyük ehtimalla rəsmi Tehran Ermənistanın etibarlı tərəfdaş olmadığını artıq anlamağa başlayıb. Çünki Ermənistan İrana hər an xəyanət etməyə hazır olduğunu artıq sübut edib. Rəsmi Tehran da bunu yəqin ki, görür. Digər tərəfdən, İran hazırda ABŞ və Qərbin sərt təzyiqləri altındadır".
Siyasi şərhçi vurğulayıb ki, İranın çətin geosiyasi şəraitdə Azərbaycanla münasibətləri gücləndirməsi, hər iki tərəf üçün strateji və iqtisadi baxımdan önəmli addımdır.
"İran üçün indiki tarixi mərhələ olduqca çətin və həssas bir dövrdür. Bu səbəbdən, rəsmi Tehran üçün qonşularla münasibətlərin inkişaf etdirilməsi ayrıca önəmli istiqamətə çevrilməkdədir. Bu baxımdan böyük ehtimalla İran, Azərbaycanla münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasının vacib olduğu qənaətinə gəlib. Bu kontekstdə İran Prezidentinin Azərbaycana səfəri də olduqca böyük əhəmiyyət daşıyır. Çünki iki ölkənin həm geosiyasi, həm geostrateji, həm də geo-iqtisadi maraqları mövcuddur. Digər tərəfdən, iki ölkə arasında nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsi də mühüm istiqamətlərdən biridir. Azərbaycanın İran üçün əhəmiyyəti həm də ondan ibarətdir ki, regionda nəzərdə tutulan dəhlizlər məhz Azərbaycan üzərindən keçə bilər. Bu baxımdan sözügedən səfər böyük əhəmiyyətə malikdir və yaxın gələcəkdə iki ölkə arasında münasibətlərin daha da normallaşmasına, qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların yaranmasına zəmin yarada bilər. Böyük ümidlə demək olar ki, İran Prezidentinin Azərbaycana səfərindən sonra münasibətlər daha səmimi və hər iki tərəf üçün sərfəli istiqamətdə inkişaf edə bilər".
Səidə Ramazanova