Arkadi Qukasyan Xocalı soyqırımı ilə bağlı suallara cavab verib: Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı var idi
21 Aprel 14:14 SiyasətBu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı, soyqırımı zamanı günahsız insanların məhz azərbaycanlı olduğuna görə sistemli şəkildə məhv edilməsi ilə bağlı suallara cavab verib.
AZƏRTAC xəbər verir ki, o, Xocalıda baş verənlər haqqında ilk dəfə 1992-ci ilin fevral ayında "rəsmi məlumatlar" verilməsi nəticəsində informasiya aldığını iddia edib: "O zaman faciənin miqyasını bilmirdik. Biz bilirdik ki, Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı var. Onlar da sonradan qarşı tərəfə təhvil verilmişdi".
O, dinc əhalinin qətlini pislədiyini də vurğulayıb: "Bu, qəbuledilməzdir, müharibənin qanlı səhifələrindən biridir".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.