Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar ana dilimizin saflığının qorunmasına xidmət edir- ÖZƏL

"Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və prinsipial mövqeyi nəticəsində 27 aprel 1978-ci il tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir" maddəsi təsbit olunmuşdur. Bu, həm də ana dilinə verilən siyasi və mənəvi dəyərin təcəssümü idi. Məhz bu təşəbbüs gələcək müstəqil dövlətçiliyin milli-ideoloji bünövrəsini təşkil etmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Müstəqillik dövründə - 1995-ci ildə yeni Konstitusiya hazırlanarkən dövlət dilinin adlandırılması ilə bağlı müzakirələr zamanı Ulu Öndər öz prinsipial mövqeyini bir daha ortaya qoymuşdur: "Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik". Nəticədə Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dili müstəqil dövlətin rəsmi dili kimi təsbit olunmuşdur.

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 18 iyun tarixində imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman dil siyasətinin hüquqi əsaslarını daha da möhkəmləndirərək bu sahədə sistemli və məqsədyönlü fəaliyyətin yolunu açmışdır.
Eyni zamanda, 2001-ci il 9 avqust tarixli Fərmana əsasən avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilmişdir. 2002-ci il 30 sentyabr tarixində isə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun qəbul edilmişdir. Bu qanunla dövlət dili statusunun hüquqi mexanizmləri daha da dəqiqləşdirilmiş və onun tətbiqi, qorunması, inkişafı ilə bağlı dövlət siyasətinə normativ baza yaradılmışdır.

Bütün çətinliklərə baxmayaraq, ana dilimizi qorumaq üçün mühüm addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının imzaladığı müvafiq fərman və sərəncamlardan irəli gələn addımlar ana dilimizin saflığının qorunması və daha da zənginləşməsinə xidmət etmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31