Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Sosial Tədqiqatlar Mərkəzi arasında Memorandum imzalanıb
10:42 SiyasətSosial Tədqiqatlar Mərkəzinin nümayəndələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) olublar.
Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şəraiti və cənab Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısını vurğulayıb, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində görülən işlərdən danışıb.
Görüşdə həmkarlar ittifaqları sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər, "AHİK Könüllüləri", "Layiqli Əmək Səfirləri", "Həmkardan həmkara qayğı ilə", "AHİK Plus" layihələri və "Kurort" Turizm İnformasiya Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Sonra AHİK-in fəaliyyəti, eləcə də "Layiqli Əmək Səfirləri", "Həmkardan həmkara qayğı ilə" layihələrindən bəhs edən videomateriallar nümayiş olunub.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc Konfederasiya tərəfindən həyata keçirilən islahatları və yenilikləri yüksək dəyərləndirib, əmək münasibətlərinin tənzimlənməsi, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında həmkarlar ittifaqlarının rolunu qeyd edib.
Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyəti və hədəfləri barədə danışan Zahid Oruc iki qurum arasında əlaqələrin qurulması və inkişafının əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Sosial Tədqiqatlar Mərkəzi arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Sonra Sosial Tədqiqatlar Mərkəzinin nümayəndələri AHİK-də vətəndaşların qəbulu üçün yaradılmış şəraitlə, "Kurort" Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq edilən yeniliklərlə, eləcə də yeni yaradılmış Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi ilə tanış olublar.