Fransanın insan haqlarından danışması yolverilməz və absurddur-İlyas Hüseynov- ÖZƏL
16 Aprel 2025 10:40 Siyasət14 aprel 2025-ci il tarixində Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclası çərçivəsində çıxış edərkən regional gərginlik, sülh prosesi və hazırda Azərbaycanda mühakimə olunan ermənilərlə bağlı bəzi anti-Azərbaycan iddiaları səsləndirib.
Politoloq İlyas Hüseynov mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında bilidirib ki, Fransanın insan haqlarından danışması yolverilməz və absurddur:
"Fransa Cənubi Qafqazda gedən proseslərə müdaxiləsini davam etdirir və Ermənistandan istifadə etməklə öz maraqlarını güdür. Bu baxımdan həm Ermənistana silah ötürülür, həm də siyasi dəstək genişlənir. Hətta insanlıq və bəşəriyyət əleyhinə cinayətlər törətmiş şəxslərin hüquqları haqqında fikirlər də səslənir. Bu, tamamilə qəbuledilməzdir. Çünki uzun illər ərzində Fransa insan haqlarını pozmuş, müxtəlif coğrafiyaları və xalqları əsarətdə saxlamışdır. Bu gün Fransanın insan haqlarından danışması yolverilməz və absurddur. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni artıq razılaşdırılıb və Azərbaycanın tələblərinin yerinə yetirilməsi gündəmdədir, aktuallığını qoruyur. Görünür ki, Fransa Cənubi Qafqazda dayanıqlı sülhə və etimada mənfi yanaşır. Ona görə də, bu cür siyasi hücumlar həyata keçirilir. Həqiqətlər təhrif olunur, saxta fikirlər yayılır. Fransa çoxdan neytrallığını pozub, regionda düşmənçilik toxumu səpir və Ermənistanın arxasında duraraq öz geosiyasi ambisiyalarını həyata keçirmək istəyir. Amma Fransa başa düşməlidir ki, Cənubi Qafqazda sülhün alternativi yoxdur. Azərbaycan bütün vasitələrdən istifadə edərək bu bölgədə sülhü və sabitliyi təmin edəcəkdir".
Zeynəb Mustafazadə