“Bu səfər Bakı-Tbilisi xəttinin etibarlılığını nümayiş etdirir” – Əli Mustafa – ÖZƏL
15 Aprel 15:56 SiyasətGürcüstan Prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da Azərbaycana ilk rəsmi səfərini həyata keçirir. Bu, onun prezident kimi xaricə etdiyi ilk səfərdir. Səfər çərçivəsində görüşlərdə ikitərəfli əməkdaşlıq və regional məsələlərin müzakirəsi nəzərdə tutulur.
Gürcüstan Prezidentinin ilk xarici səfər üçün Azərbaycana üstünlük verməsi iki ölkə münasibətlərində hansı mesajı verir?
Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa Olaylar.az-a danışıb. O bildirib ki, Gürcüstan Prezidentinin ilk səfərini Azərbaycana etməsi iki ölkə arasındakı strateji tərəfdaşlığın və dostluğun göstəricisidir:
"Gürcüstan Prezidenti Mixail Tavilaşvilinin ilk səfərini Azərbaycana etməsi ilə bağlı informasiya artıq bir müddətdir ki, mediada yer alırdı. Nəhayət, bu səfərin bu gün və ya sabah gerçəkləşəcəyi gözlənilir.
Bu səfərin baş tutması ilk növbədə Azərbaycan və Gürcüstanın eyni coğrafiyada, eyni bölgədə yerləşməsi ilə əlaqədardır. İki dövlət arasında dostluq münasibətləri, iqtisadi və siyasi sahədə dərin əməkdaşlıq, eləcə də strateji tərəfdaşlıq mövcuddur".
Siyasi şərhçi vurğulayıb ki, Gürcüstandakı gərgin siyasi fonda prezidentin ilk səfərini Azərbaycana etməsi iki ölkə arasında güclü etimadın nümunəsidir.
"Hazırda Gürcüstandakı siyasi proseslərdə ciddi gərginlik müşahidə olunur. Məlumdur ki, prezident seçkiləri zamanı bəzi Avropa ölkələrinin yeni seçilmiş prezident Mixail Tavilaşviliyə qarşı mənfi münasibəti də müşahidə edilmişdi. Buna baxmayaraq, Azərbaycan onun seçkilərini tanıyan ilk ölkələrdən biri olub. Bu da göstərir ki, prezident öz ilk xarici səfəri üçün Azərbaycana üstünlük verib. Eyni zamanda, belə qarşılıqlı səfərlər regional əməkdaşlığı daha da dərinləşdirir. Hərçənd ki, Ermənistanla da müəyyən dialoqlar davam edir, lakin Gürcüstanla Azərbaycan arasındakı əməkdaşlıq və dostluq münasibətlərinin möhkəmlənməsi hər iki ölkə üçün olduqca vacibdir. Bundan əlavə, Azərbaycanın zəngin karbohidrogen ehtiyatları Gürcüstan üzərindən dünya bazarına çıxarılır. Orta dəhlizin bir hissəsi də Gürcüstan ərazisindən keçir ki, bu da onun strateji rolunu daha da artırır".