“Fransa sülhə deyil, gərginliyə xidmət edir” – Əli Zülfüqaroğlu – ÖZƏL

Fransanın regionda sülhə zidd addımları Bakı tərəfindən ciddi narahatlıqla qarşılanır. Xarici İşlər Nazirliyi bir daha bəyan edib ki, Parisin həm Ermənistana silah verməsi, həm də açıq şəkildə anti-Azərbaycan mövqeyi tutması sülh prosesinə zərbə vurur. Nazirliyin mətbuat katibi Ayxan Hacızadənin sözlərinə görə, Fransa bir tərəfdən vasitəçi kimi çıxış etdiyini iddia edir, digər tərəfdən isə münaqişəni alovlandıran addımlar atır. 

Mövzunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Olaylar.az-a şərh edib. O bildirib ki, Fransa uzun illərdir neytrallıq əvəzinə, Ermənistana açıq və gizli dəstək göstərərək regionda sülhə deyil, gərginliyə xidmət edir:

"Fransa uzun illər ərzində nəinki neytrallığını qoruya bilməyib, əksinə, Ermənistanın işğal siyasətinə haqq qazandırmağa çalışıb. Zaman-zaman Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çıxmasının qarşısını almağa cəhd edib və bu yolla işğalçıya gizli şəkildə dəstək verib. Lakin müharibə dövründə, xüsusilə Vətən müharibəsi zamanı Fransanın Ermənistana açıq şəkildə dəstək verməsi bu ölkənin əsl simasını ortaya çıxardı. Azərbaycan xalqı üçün də aydın oldu ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi neytral mövqe tutmaq əvəzinə, işğalçı tərəfə dəstək verib. Vətən müharibəsindən sonra isə bu dəstək tamamilə açıq müstəviyə keçdi. Fransa Ermənistana hər cür himayədarlıq göstərməklə çalışır ki, sülh prosesində irəliləyiş olmasın və bölgədə gərginlik davam etsin. Bununla da müəyyən vaxtlarda Ermənistanı təxribatlara sövq edərək bölgəyə daxil olmaq üçün "dırnaqarası" əsaslar yaratmağa çalışır və bölgədə sabitləşdirici missiyanı həyata keçirmək adı altında fəaliyyət göstərmək istəyir. Əslində isə Fransa Ermənistanda revanşist meyilləri gücləndirir və bu məqsədlə Ermənistana ciddi şəkildə silah dəstəyi verdiyini müşahidə edirik".

Siyasi şərhçi əlavə edib ki, Azərbaycan güclü mövqelərə sahibkən, Ermənistan yalnız Fransaya ümid edir, lakin Fransanın dəstəyi də bölgədə sülhə deyil, gərginliyə xidmət edir.

"Ermənistan regionda Azərbaycanla müqayisə oluna bilməyəcək bir ölkədir. Azərbaycanın geosiyasi dayaqları möhkəmlənib, diplomatik mövqeləri güclüdür. Eyni zamanda, insan resursları, iqtisadi potensialı və ordu gücünə görə Azərbaycan Ermənistandan dəfələrlə üstündür. Azərbaycan bölgədə geosiyasi reallıqları dəyişib və regional səviyyədə tamamilə yeni bir mənzərə formalaşıb. Bu da o deməkdir ki, Ermənistan uzun müddət Azərbaycanın siyasi və diplomatik təzyiqlərinə davam gətirə bilməz. Azərbaycan isə prinsipial mövqeyinin həyata keçirilməsi üçün bütün imkan və resurslara malikdir. Digər tərəfdən, ABŞ-nin yeni administrasiyası-yəni Trampdan fərqli olaraq Bayden hökuməti-Ermənistana dəstəyi əvvəlki səviyyədə davam etdirmir. Mövcud vəziyyət bunu açıq şəkildə göstərir. Belə olan halda isə Ermənistanın ümid etdiyi yeganə ölkə Fransadır. Fransa isə əlindən gələni edir ki, iki ölkə arasındakı münasibətlər inkişaf etməsin, sülh prosesinə nail olunmasın və bununla da öz geosiyasi maraqlarını təmin etmək üçün zəmin yaratsın. Bunun fonunda Ermənistana verilən silah dəstəyi açıq şəkildə görünməkdədir. Təbii ki, Fransanın bu addımları regionda vəziyyətə mənfi təsir göstərir, gərginliyin davam etməsinə zəmin yaradır. Amma bu uzun müddət davam edə bilməz. Çünki Fransa, daha dəqiq desək, Makron hökumətinin özü də hazırda çətin vəziyyətdədir. Makron hakimiyyətinin perspektivi qeyri-müəyyəndir və ABŞ tərəfindən Fransaya qarşı ciddi təzyiqlər mövcuddur. Bu təzyiqlər isə getdikcə daha da artmaqdadır".

Ə. Zülfüqaroğlu sonda qeyd edib ki, mövcud geosiyasi proseslər və yaranan şərtlər onu deməyə əsas verir ki, Fransa başda olmaqla, bu cür siyasət aparan ölkələrin atdığı addımların heç bir real perspektivi yoxdur. Azərbaycan isə gec-tez öz ədalətli mövqeyindən nəticə əldə edəcək və bu yoldan dönməyəcək.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31