İnsanlara nur bəxş edən işıqlı İNSAN haqqında xatirələrim
15 Aprel 12:56 Siyasət"Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib".
Bu fikirləri Ulu öndər Heydər Əliyev həyat yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım haqqında deyib.
Zərifə xanımın həyatında böyük rolu olduğunu qeyd edən Ulu öndər Heydər Əliyev bildirib ki, o, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi: "Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. O. həyatdan köçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür...
Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib". Bu gün Azərbaycan tibb elminin, xüsusən də oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verən akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür.
Görkəmli ofotmoloq Zərifə xanım Əliyeva ilə bağlı xatirələrini bölüşən Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov "Olaylar"a açıqlamasında bunları deyib: "15 aprel 1985-ci il də Zərifə xanım Moskvada dünyasını dəyişəndə Moskvada ali təhsil alırdım. Tələbə idim. Ulu Öndər Heydər Əliyevin azərbaycanlı tələbələr üçün yaratdığı imkandan, belə ki, yüksək bal yığan tələbələrin Azərbaycanda olmayan ixtisaslar üzrə keçmiş Sovetlər ölkəsinin ən adlı-sanlı Universitetlərində "Milli kadr" kimi təhsil almasına yaratdığı şəraitdən mən də yararlanmışdım.
Zərifə xanımın vəfatı xəbəri qəlbi, ürəyi Azərbaycan ilə döyünən bütün insanlar kimi biz tələbələri də kədərləndirmişdi. Zərifə xanımla vida mərasimi Moskvada Alimlər evində təşkil olunmuşdu. Ulu öndər Heydər Əliyev, hörmətli Prezidentimiz İlham Əliyev və ailə üzvlərinin, bütün Zərifə xanım sevərlərin iştirak etdiyi anım mərasimində, mən də bir azərbaycanlı olaraq iştirak etdim. Dövlət, Hökumət üzvləri, çoxsaylı sadə insanlar Zərifə xanımın əziz ruhuna ehtiramını bildirmək üçün vida mərasimində iştirak edirdilər. Daha sonra soyuq aprel günü, çiskinli yağışlı bir havada, böyük bir izdihamla "Novodeviçye" qəbiristanlığında dəfn mərasimi keirildi. Bu gün isə Zərifə xanımın ruhu öz vətənində rahatlıq tapıb.
Allah rəhmət eləsin! Ruhu şad olsun!
Zərifə xanım Əliyeva- qayğıkeş ana, sədaqətli həyat yoldaşı, həkim, professor, alim Zərifə xanım simasında biz nəcib qadın, insanlığa xas olan bütün ali komponentləri özündə birləşdirən bir Azərbaycan xanımı, vəfalı ömür-gün yoldaşı və fədakar ana obrazı görürük.
Zərifə xanım gözəl həkim, əsl elm fədaisi və görkəmli tədqiqatçı-alim idi. Onun həkimlikdə açdığı çığır Azərbaycanda yüzlərlə həkimin yetişməsində böyük rol oynayıb. Onun yaratdığı elmi məktəb bu gün də insanların, müxtəlif peşə sahiblərinin gözlərinə işıq verməklə xalqımıza xidmət edir. Bu böyük həkimin insanlara bəxş etdiyi nur, onun elminin dərinliyindən, mənəvi paklığından, şəxsiyyətinin böyüklüyündən irəli gəlir. Zərifə xanım Əliyeva insanlara nur bəxş edərək nura qovuşdu. Zərifə Əliyevanın bizə miras qoyduğu irs-ailə prinsipləri, həkimlik fəaliyyəti, elmi yaradıcılığı daim yaşayacaqdır.
Bizim hər birimiz, bütün xalqımız onu həmişə ehtiramla yad edir, xalqın qəlbində daim yaşayır".