Azərbaycan Çinlə iqtisadi və texnoloji əməkdaşlıqda yeni imkanlar axtarır- ÖZƏL

Azərbaycan ilə Çin arasında əlaqələr sürətlə inkişaf edir, xüsusilə siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq dərinləşir. Prezident İlham Əliyev bu münasibətləri strateji xarakterli adlandıraraq, Çinlə tərəfdaşlığın perspektivlərini yüksək qiymətləndirib.

Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib.  Politoloq Azərbaycan Çinlə iqtisadi əməkdaşlıqda maraqlı olduğunu bildirib:

"Çin artıq qlobal qütbləşmədə ABŞ-a qarşı bir güc mərkəzi kimi çıxış edir. Belə olan halda, Qərblə problemləri olan və ABŞ-la münasibətləri gərgin olan ölkələr Rusiya və Çinlə yaxınlaşmağa meyil göstərirlər. Biz bunun müxtəlif ölkələrdə misallarını artıq görmüşük. Azərbaycan da bu kontekstdə, Rusiya ilə yanaşı, Çinlə münasibətlərin inkişafına önəm verə bilər. Bu, bir səbəbdir. İkinci səbəb ondan ibarətdir ki, Çin iqtisadi cəhətdən sürətlə inkişaf edir və qlobal layihələr həyata keçirir. Məsələn, beynəlxalq nəqliyyat dəhlizləri layihələri həyata keçirilir. Bu dəhlizlərin bir hissəsi Cənub-Şərqi Asiyada, bir hissəsi Sakit Okean, digər hissəsi Hind Okeanı vasitəsilə keçir. Onların bir istiqaməti də Qafqaz bölgəsindən keçərək Avropaya uzanır. Burada xüsusilə Orta Dəhliz adlanan kommunikasiya xətti açılır. Məsələn, Çin son dövrlərdə Qırğızıstanla yeni körpü tikib və bu onu göstərir ki, region ölkələrinin bu dəhlizə marağı artır. Eyni zamanda, bu dəhliz vasitəsilə Azərbaycan üzərindən Türkiyəyə, oradan isə Avropaya çıxış imkanları genişlənir. Beləliklə, Çinin iqtisadi yüksəlişi nəticəsində artan investisiya imkanları da ön plana çıxır. Çin müxtəlif ölkələrin infrastrukturuna və fərqli sahələrinə investisiya yatırımları etməyə maraq göstərir. Bu da Azərbaycan kimi investisiyaya ehtiyacı olan ölkələr üçün çox əlverişli bir haldır. Eyni zamanda, Azərbaycan "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Çinlə iqtisadi əməkdaşlıqda maraqlıdır. Digər bir vacib məqam isə ondan ibarətdir ki, Çin əməkdaşlıq etdiyi ölkələrin daxili işlərinə qarışmır. Məsələn, Avropa İttifaqı və digər Qərb qurumları ilə olan maliyyə əməkdaşlığında biz tez-tez daxili iqtisadi sistemlə, siyasi sistemlə, insan haqları, azadlıqlar, demokratik institutlarla bağlı tələblərlə qarşılaşırıq. Ancaq Çin bu məsələlərdə şərtlər irəli sürmür. Bu da bir çox ölkələrə Çinlə daha rahat əməkdaşlıq imkanı yaradır. Azərbaycan dəfələrlə Avropa İttifaqının daxili işlərə müdaxilə cəhdlərindən narahatlığını bildirib. Amma Çinlə bu tip problemlər yaşanmır. Fərqli bir məqam ondan ibarətdir ki, artıq Çin yeni texnoloji güc mərkəzi kimi çıxış edir. Məsələn, 5G texnologiyası, elektromobillər, elektronika sahəsində böyük irəliləyişlər var. Bu da Azərbaycan-Çin münasibətlərinin iqtisadi inkişafına yeni impuls verir. Artıq Azərbaycan bəzi şirkətləri vasitəsilə 5G texnologiyasına dair Çinlə əməkdaşlığa başlayıb. Çünki bu texnologiyalar həm daha ucuz başa gəlir, həm də Çin bu sahədə bilik və təcrübəsini bölüşməyə daha açıq yanaşır. Yəni texnoloji biliklərin paylaşılmasına daha maraqlıdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31