Çar Rusiyasının siyasətini Sovet Rusiyası davam etdirdi- Elşad Həsənov- ÖZƏL

1923-cü ildə sovet hökuməti tərəfindən Azərbaycanın Qarabağ bölgəsində əsassız şəkildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, sonrakı separatizm dalğasının əsasını qoydu. Bu addım həm bölgədə süni etnik qarşıdurma yaratdı, həm də Ermənistanın və digər xarici güclərin regiondakı maraqlarını həyata keçirmək üçün zəmin formalaşdırdı.

Politoloq Elşad Həsənov mövzu ilə bağlı Olaylar.az-a açıqlama verib. Politoloq bildirib ki, Azərbaycanın əzəli torpaqları Sovet dövründə qanunsuz şəkildə Ermənistana verildi:

"Qarabağ ermənilərinin bu əraziyə köçürülməsi Sovet hökumətindən əvvəl, hələ Çar Rusiyası dövründə baş verib. 1828-ci il Tükmənçay müqaviləsinə qədər, 1805-ci ildən, Kürəkçay müqaviləsindən sonra İran və Türkiyədən ermənilərin köçürülməsi prosesi başlamışdı.
Bu, Çar Rusiyasının siyasəti idi və sonradan həmin siyasəti Sovet Rusiyası davam etdirdi. Sovetlər hakimiyyətə gəldikdən sonra Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Qarabağa da erməniləri yerləşdirməyə başladılar. Məqsəd gələn ermənilərin sayını artırmaq idi. O dövrdə təbii ki, Azərbaycanlılar sayca çox idi. Ancaq sonrakı mərhələdə milli zəmində qarşıdurma yaratmaq və hər iki tərəfə təzyiq göstərmək məqsədilə Sovet hökuməti muxtar vilayət yaratdı. Sonralar isə SSRİ-nin dağılmasının başlanğıcı məhz Qarabağ hadisələri oldu. Çünki xaricdə yaşayan ermənilər, xüsusilə ABŞ-da olan erməni milyarderlər, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəli idilər. Onlar Mərkəzi Kəşfiyyat İdarəsinin tapşırığı ilə Ermənistandakı millətçiləri maliyyələşdirdilər və Qarabağa göndərərək "Qarabağ Hərəkatı"nı başlatdılar.  Çünki Sovet dövründə SSRİ ilə ABŞ arasında daim gərginlik yaşanırdı və Mərkəzi Kəşfiyyat İdarəsinin əsas məqsədlərindən biri də SSRİ-ni zəiflətmək və dağıtmaq idi. Hərbi yolla bunu mümkün görməyən Mərkəzi Kəşfiyyat İdarəsi , milli münaqişələr yaratmaqla SSRİ-ni daxildən sarsıtmaq istədi və buna da nail oldu. Elə bu prosesin başlanğıcı da Qarabağda baş verən millətçi hərəkatlar oldu.
Bütün bu hadisələr bölgədə vəziyyəti daha da gərginləşdirdi və dövrün geosiyasi maraqlara ciddi təsir göstərdi. SSRİ rəhbərliyinin satılması,  Mixail Qorbaçovun ermənilər tərəfindən  həyat yoldaşı Raisa Maksimovnanın ələ alınması, ermənilərə gizli dəstək verməsi bu hərəkatı gücləndirdi. Nəticədə, ermənilər SSRİ Konstitusiyasına zidd olaraq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı qanun qəbul etdilər.
Təbii ki, bu hüquqi əsası olmayan qanunu Azərbaycan tanımadı və nəticə etibarilə SSRİ-nin dağılmasına gedən yol açıldı.
Bu gün  artıq Azərbaycan öz gücü ilə qanunsuz erməni silahlı dəstələrini öz ərazisindən çıxartdı. Qarabağ da daxil olmaqla bütün ərazilərimiz üzərində dövlət suverenliyi bərpa olundu və biz bu torpaqlarda quruculuq işləri ilə məşğuluq.

Baxmayaraq ki, Azərbaycanın əzəli və əbədi torpaqlarının təxminən 20 min kvadrat kilometrə yaxın hissəsi Sovet dövründə qanunsuz şəkildə Ermənistana verilib. Bu məsələləri bu gün səssiz ötürsək də, gələcəkdə beynəlxalq məhkəmələrdə qaldırmalı və həmin torpaqların geri qaytarılmasını tələb etməliyik.

Çünki Zəngəzur və digər ərazilərimiz Komunist Partiyasının Mərkəzi Komitəsinin qərarı ilə verilib, Azərbaycan parlamenti heç vaxt bu qərarı təsdiqləməyib. Bu, sadəcə bir kağız parçası ilə həyata keçirilib və biz hesab edirik ki, bu məsələ beynəlxalq hüquq müstəvisində mütləq qaldırılmalıdır. Hesab edirəm ki, gələcəkdə Qərbi Azərbaycan icması da öz haqlı iddialarını irəli sürəcək, insanlar ata-baba yurdlarına qayıdacaq və orada yenidən həyat quracaqlar".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31