Çin və ABŞ arasında ticarət müharibəsi qızışdı: Avropa ortada qalıb…
13:58 SiyasətXəbər verdiyimiz kimi, Vaşinqtonun ticarət siyasətinə cavab olaraq, Çin öz iqtisadi müdafiə tədbirlərini gücləndirib və ABŞ məhsullarına qarşı yeni 34 faizlik gömrük rüsumları tətbiq edib.
Bəzi ekspertlərin fikrincə, Pekinin atdığı bu addım, yalnız Çin və ABŞ arasında deyil, həm də beynəlxalq ticarət münasibətlərində əhəmiyyətli dəyişikliklərə səbəb olacaq. Bu addımlar dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət müharibəsini daha da dərinləşdirib. ABŞ-ın tətbiq etdiyi yüksək tariflər, xüsusən Avropa və Asiya bazarlarında da iqtisadi narahatlıqlara yol açıb. Lakin Avropanın rəsmi Pekinlə bənzər addımlar atmaqdan, hər hansı cavab tədbirləri görməkdən qaçdığının şahidi oluruq.
Bunun səbəbi nədir?
Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, ABŞ lideri Donald Trampın qəbul etdiyi qərarları qeyri-adi olduğunu düşünmək doğru deyil:
"Məsələnin görünən tərəfi, dəlisov bir adamın qərar qəbul etdiyi təəssüratını yaradır. Lakin düzgün araşdırıldıqda məlum olur ki, Tramp özünün də bəyan etdiyi kimi, ABŞ-ı Atlantikadan Sakit Okeanına qədər genişləndirmək siyasətinin davamçısı kimi ABŞ imperializminin son baronlarından biridir. Düşünülmədən atılmış bir addım kimi qiymətləndirilməməlidir. Bu qərarların arxasında çox ciddi geosiyasi, geoiqtisadi niyyətlər var. ABŞ-ın genişləndirilməsi siyasəti, "Qrenlandiya, Panama kanalı Birləşmiş Ştatların olacaq", "Kanada ABŞ-ın 51-ci ştatı olacaq" kimi açıqlamalarda da özünü göstərir.
Avropada proseslərlə bağlı sadəcə ciddi narazılıqlar, qeyri-müəyyənliklər var. Avropada çevik qərarlar qəbul etmək mexanizmi mövcud deyil. Aİ ilə bağlı analitik siyasi, iqtisadi birlik kimi ifadələr yersizdir. Vaşinqtonun Avropanı qorumayacağı ilə bağlı açıqlamasından sonra, Avropanın təhlükəsizlik məsələsi ciddi şəkildə dövriyyəyə mindi. Lakin sözügedən məsələlərdə də Avropa liderləri ortaq qərara gələ bilmir. Avropa təcavüzə uğradığı təqdirdə hansı addımı atacaqları məlum deyil. Maliyyələrin cəlb edilməsi ilə bağlı yekun qərar da qəbul olunmayıb".
Natiq Miri
Politoloqun sözlərinə görə, Avropa liderləri Donald Trampın hakimiyyəti müddətində atdığı addımları və xidmət etdiyi dini, siyasi qayələri doğru anlaya bilmir:
"Bu gün hər kəsin ABŞ prezidentinin ayağına gəlməsi siyasəti yürüdülür. Bütün dünya ölkələrinə rüsumların, tariflərin artırılması qərarının verilməsindən sonra, Avropa və Asiyada mövcud olan ölkələr, onların rəhbərləri gah telefon danışıqları ilə Trampla danışmağa cəhd edir, gah da ABŞ-a onun ayağına gələrək qərarda dəyişiklik edilməsini xahiş edirlər. Bu siyasət həm dünyada xaos yaratmağa xidmət edir, həm də iqtisadi, siyasi, hərbi cəhətdən yeganə hegemon gücün ABŞ olduğu təəssüratını yaradır. Əks halda hamı Trampın ayağına qaçmazdı. Avropada hələlik bunu anlaya bilmirlər. Çin də adekvat addımlar atmağa başlayıb".
Natiq Miri qeyd edib ki, Çin ABŞ-ın əsas rəqibi kimi, hədəfin də rəsmi Pekin olduğunu anlayıb:
"Gec-tez belə bir toqquşmanın, qlobal müharibənin başlayacağına əmindir. Ona görə də Çin belə bir müharibəyə hazırlaşır. ABŞ yenidən alternativsiz, yeganə güc mərkəzi olmağa çalışır. Bütün siyasət buna xidmət edir".