Geosiyasi baxımdan önəmli siyasi platforma

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclası, eyni zamanda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları bir sıra məqamlarla yadda qaldı. Son illərdə yaşıl enerjiyə keçidin prioritet olduğunu nəzərə alsaq artıq bu il sayca üçüncü Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin iclası xüsusilə qeyd edilməlidir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir. Builki Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində  nazirlərin 11-ci  toplantısına  Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatıldı. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak etdilər. Bu isə o deməkdir ki, hazırda Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilib. Azərbaycanın qətiyyətli siyasəti və uğurlu enerji strategiyası nəticəsində bu layihə tam gücü ilə işləyir, ölkəmiz beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

.Xüsusilə qeyd edilməlidir ki, beynəlxalq münasibətlərin mühüm istiqamətlərindən olan və həm də geosiyasi baxımdan strateji əhəmiyyətə malik Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci  toplantısı təkcə enerji sahəsinə dair müzakirələrin aparıldığı texniki bir platforma deyil. Bu toplantı həm də geosiyasi baxımdan strateji əhəmiyyətə malik olan və beynəlxalq münasibətlərin mühüm istiqamətlərindən birini təşkil edən siyasi bir platformadır. Çünki, son illərdə baş verən qlobal və regional hadisələr göstərdi ki, enerji sadəcə bir resurs deyil, həm də diplomatik güc vasitəsidir. Bu kontekstdə mütləq demək lazımdır ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasının əsas sütunlarından biri olmaqla yanaşı, həm də Azərbaycanın geosiyasi dəyərini yüksəldən bir amildir.
Əlbətdə ki, Avropanın Rusiyadan enerji asılılığını azaltmaq istədiyi bir dövrdə Azərbaycanın etibarlı tərəfdaş kimi ortaya çıxması heç də təsadüfi deyil. Bu, illərlə aparılan uzaqgörən siyasətin, düşünülmüş strateji yanaşmanın və iqtisadi gücümüzün nəticəsidir. Bu gün əminliklə deyə bilərik ki, Cənub Qaz Dəhlizi təkcə iqtisadi deyil, həm də siyasi müstəvidə Azərbaycanla Avropa arasında çox mühüm körpü rolunu oynayır. Təsəvvür edin, Avropanın enerji gündəmini formalaşdıran bir layihənin mərkəzi aktoru rolunda bu gün Azərbaycan dayanır. Layihənin maliyyə xərcləri də, texniki təminatı da, siyasi koordinasiyası da Bakı tərəfindən qarşılanır. Təbii bu, ölkənin beynəlxalq arenada qazandığı etimadın, gücün və liderliyin bariz nümunəsidir. Artıq bu bir reallıqdır və bu gün Məşvərət Şurasının tərkibi də bu reallığı çox yaxşı təsdiqləyir. Bu gün bu platforma vasitəsilə Azərbaycan yalnız enerji ixrac etmir, eyni zamanda regional və qlobal enerji siyasətinin formalaşmasında fəal iştirak edir.
Müasir dövrdə dünya enerji resursları uğrunda mübarizə aparır. Azərbaycan isə müstəqillik əldə etdiyi 33 il ərzində müstəqil enerji siyasətini formalaşdırmış, ixracat xəritəsini genişləndirmiş və tərəfdaşları ilə bərabərhüquqlu münasibətlər qurmuş bir ölkədir. Bu da həm siyasi müstəqilliyimizin, həm də iqtisadi dayanıqlığımızın ən yaxşı sübutudur. Ölkəmizin müstəqillik əldə etdikdən sonra reallaşdırdığı enerji layihələri, eləcə də Cənub Qaz Dəhlizi layihəsi bir daha göstərir ki, Azərbaycan beynəlxalq enerji təhlükəsizliyi məsələlərində etibarlı və strateji tərəfdaş olmaqla yanaşı həm də təşəbbüskar tərəfdaşdır və bu təşəbbüslər artıq gələcəyə doğru sürətlə genişlənməkdədir.
Eyvaz Qurbanov
Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31