ƏHD partiyası İdarə heyəti bəyənat yaydı

ƏHD partiyası İdarə heyəti bəyənat yayıb. Partiyanın mətbuat xidmətindən "Olaylar"a daxil olan sənəddə bildirilir ki, Faşizm üzərində qələbənin 80 illiyinin yaxınlaşmasını müzakirə edən ƏHD Partiyası İdarə Heyəti Bəyan edir ki, Sovet İttifaqına üzv dövlətlərdən  biri kimi Azərbaycan SSR faşizm üzərində qələbəyə böyük və əvəzolunmaz töhfə vermişdir. Müharibə başlayanda 3 milyon 340 min əhalisi olan Respublikamızdan müharibəyə 700 minə qədər vətəndaş səfərbər olunub. Onlardan 400 mindən çoxu geri qayıtmamışdır. 
Müharibədən sonra qonşu Gürcüstan və Ermənistanda əhalinin sayında artım müşahidə olunsa da, Azərbaycanda əhalinin sayı 780 min nəfər azalaraq  2.6 milyon nəfərə düşmüşdür. Müharibədən sonra Sovet İttifaqı üzrə əhalinin sayında 8% azalma qeydə alınsa da, bu rəqəm Azərbaycanda 23.3% olmuşdur: "Müharibə dövründə əhalinin sayındakı azalmaya görə, Belarusdan sonra ikinci  Respublika  olmuşuq. Bizdən sonrakı yerlərdə isə Litva və Ukrayna dayanıb. Müharibə dövründə ordunun yanacağa  tələbatının 75%-ni, sürtkü yağlarının 90%-ni Azərbaycan vermişdir. SSRİ-də hasil olunan neftin 70% -i Azərbaycanın hesabına olmuşdur. Müharibə dövründə 400 mindən artıq yaralı Azərbaycanda müalicə olunmuşdur. Qeyd olunanlar yetərlidir ki, faşizm üzərində qələbə üçün Azərbaycan xalqının  nə qədər böyük itkilər verdiyini, qələbədə nə qədər böyük payı olduğunu bir daha vurğulayaq. Müharibədə dünyasını dəyişənlərin xatirəsinə ən böyük ehtiram  müstəqil Azərbaycan Respublikasının Bakı şəhərində, Azadlıq meydanında 8 mayda Qələbə paradının keçirilməsi olar.
ƏHD Partiyası keçən ilin sonunda Qroznı üzərində çoxsaylı insan itkisi ilə nəticələnən AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasından sonra Rusiya Federasiyası ilə aramızda yaşanan narazılığa rəğmən, Azərbaycan Respublikası Prezidentinin 9 Mayda Moskvada keçiriləcək Qələbə paradında iştiraka dair dəvəti qəbul etməsini doğru hesab edir. 
ƏHD Partiyası Bakıda Qələbə paradının keçirilməsi üçün  hökumətə müraciət edir və ümid edir ki, təklif müsbət qarşılanacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31