“Azərbaycan beynəlxalq enerji bazarında mövqeyini gücləndirir” - Zeynal Əmrəliyev – ÖZƏL
4 Aprel 15:11 SiyasətBu gün Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclasları keçirilib. Bu tədbirlər Azərbaycanın enerji siyasətində mühüm addım olub, ölkənin Avropa ilə enerji əlaqələrini gücləndirir. İclaslarda 24 ölkə və 42 enerji şirkəti iştirak edib.
"Azərbaycan Respublikası yaşıl enerjiyə keçidə çox böyük əhəmiyyət verir. Ölkəmizin COP29 tədbirinə ev sahibliyi etməsi, eyni zamanda bu məsələ ilə bağlı mövqeyini nümayiş etdirməsi və qlobal siyasətdə yaşıl enerjiyə keçidin təbliğ olunmasında Azərbaycanın rolu əhəmiyyətidir".
Bu fikirləri siyasi şərhçi Zeynal Əmrəliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Nəzərə alaq ki, COP29 zamanı məhz Azərbaycanın dəstəyi ilə xırda dövlətlərə daha çox maliyyə vəsaitinin ayrılması barəsində qərar qəbul edildi. Eyni zamanda bu vəsaitin səmərəli şəkildə xərclənməsində də Azərbaycanın təklifi xüsusi əhəmiyyət kəsb edirdi. Yəni Azərbaycan bu məsələyə keçiddə və mühüm enerji siyasətində, xırda ölkələrin enerji təchizatının və ekoloji təhlükəsizliyin qorunması məsələsində xüsusi əhəmiyyətli rol oynayır. Bu gün yaşıl enerjiyə keçid, həmçinin Cənub Qaz Dəhlizi çox mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Bakıda artıq başlanmış olan bu tədbirlərdə kifayət qədər müsbət mənada mesajlar verilir və bu, Azərbaycanın regional əhəmiyyətli rolu ilə bərabər, həm də geosiyasi mənada xüsusilə inkişaf etdiyini, geosiyasi müstəvidə daha müsbət rol oynadığını göstərir".
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır və beynəlxalq siyasətdə mövqeyini gücləndirir.
"Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır və xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu daha da artıb. Avropa ölkələri Azərbaycana etibarlı müttəfiq kimi baxır və bir çox Avropa ölkəsi, hansı ki, Azərbaycanla münasibətləri yoxdur, enerji məsələsində Azərbaycanla ikitərəfli əlaqələrin qurulmasına xüsusi əhəmiyyət verirlər. Bununla bağlı dəfələrlə ölkəmizə yüksək rütbəli Avropa rəsmilərinin gəlişini görürük. Məhz görüşlər zamanı da bu məsələlər barəsində fikir mübadiləsi aparılır. Təbii ki, bu tədbir Azərbaycanın beynəlxalq enerji bazarında güclənən roluna çox mühüm təsir göstərəcək. Bu kimi tədbirlər ölkəmizin, ümumilikdə dünya siyasətində dünya miqyasında aparıcı rolunu daha açıq şəkildə büruzə verir".
Səidə Ramazanova