Azərbaycan-Almaniya əlaqələrində yeni əməkdaşlıq səhifəsi açacaq- ÖZƏL

"Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq son dövrlərdə dinamik şəkildə inkişaf edir. 2024-cü ilin ilk iki ayında ticarət dövriyyəsinin üç dəfə artması, xüsusilə xam neft ixracının həcminin yüksəlməsi, bu əlaqələrin möhkəmləndiyini göstərir. Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, gələcəkdə ticarət dövriyyəsinin daha da şaxələndirilməsi nəzərdə tutulur. Xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq böyük perspektivlər vəd edir. Bu sahədə Almaniya şirkətləri ilə tərəfdaşlıq mühüm əhəmiyyət kəsb edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Hər iki ölkə rəhbərinin çıxışı, verdikləri bəyanatlar göstərir ki, bu səfər Azərbaycan-Almaniya əlaqələrində yeni əməkdaşlıq səhifəsi açacaq. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir: "Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31